Kamran Quliyev niyə susur?

17 İyun 20:40 Köşə 1 041
Kamran Quliyev niyə susur?

“Neftçi” klubunun prezidenti (ya da sənədlərdə göstərildiyi kimi, futbolçusu) Kamran Quliyevlə bağlı komanda.az saytında gedən yazı Azərbaycanda futbolun kimlər tərəfindən və necə idarə olunduğuna aid ən yaxşı nümunələrdən biridir.

Adam klub prezidentidir, amma bir çox yerlərdə futbolçu kimi göstərilib.

Maaşı da aylıq 10 min 105 manat. Yaxınlarda bir siyahıya rastladım, hətta SOCAR-ın prezidentinin aylıq maaşı 10 min manatdan çox deyil (8 min manata yaxın). Kamran Quliyev bu boyda məvacibi hansı xidmətlərinə görə alır? Niyə klub prezidenti postunda oturduğu halda futbolçu kimi göstərilir? Klubun mətbuat xidmətindən əvvəlcə xəbəri yalanlamağa çalışdılar, sonra “sorğu göndərin” dedilər. Sorğu göndərdik, cavablamadılar. Kamran Quliyev özü isə zəngə cavab vermədi.

Elxan Məmmədov və onun Azərbaycan futbolunda vacib, pullu postlara gətirdiyi kadrlarının ilk gündən taktikası budur: talamaq, soymaq və reaksiya verməmək. Kamran Quliyevin hər ay qatlayıb cibinə qoyduğu 10 min manatdan çox pul Azərbaycan vətəndaşlarına məxsus pullardır. Şəhid ailələrinə, qazilərə verilməli olan pullardır. Yaxın bir qohumumun ikinci Qarabağ müharibəsində mina partlamasından sonra dişləri zərər görmüşdü. Gedib öz cibinin puluna dişlərini müalicə etdirməli oldu. Niyə görə? Kamran Quliyev kimilər daha çox varlansın, daha çox talasın deyə?

P.S. Kamran Quliyevlə bağlı məlumatlara görə sənəd, konkret sübut istəyən yoldaşların nəzərinə, sənəd də var, sübut da (çox maraqlı olan bəzi dostlara göstərmişik də). Amma klub və onun prezident, yoxsa futbolçu olduğu bəlli olmayan Kamran Quliyevi haqqında çıxan məlumata, mətbuatda, sosial şəbəkədə gündəm olan mövzuya reaksiya vermirsə, özünüz düşünün… Sizin haqqınızda kimsə nəsə yazanda, ictimai müzakirəyə çıxaranda susub oturarsızmı? Qoy “Neftçi” sübut etsin ki, Kamran Quliyev doğrudan da klub prezidentidir və məvacibi 10105 manat deyil.

Rəşad Ergün

Xəbər Lenti
27 İyul 23:40 "Sabah"dan son VİDEO
27 İyul 16:40 "Qarabağ"ın yol planı
27 İyul 15:40 Ronaldo razılaşmadı
27 İyul 09:20 Yenə də… FOTOREPORTAJ