De Byazi "Qarabağ"la düşmənçilik edir?

15 İyun 2021 20:20 Köşə 2 270
De Byazi "Qarabağ"la düşmənçilik edir?

Azərbaycan millisinə ən çox futbolçu verən komanda "Qarabağ"dır. Təbii olaraq millinin rəsmi oyunları və toplanışlarından sonra ən çox əziyyət çəkən klub da "Qarabağ"dır. Ən yaxşı halda futbolçular yorğun halda kluba qayıdırlar və bərpa olunana kimi mənfi nəticələr öz işini görür. Vay o gündən ki, yorğunluq bir kənara, kim(lər)sə zədə ilə qayıtsın.

Məsələn, Bədavi Hüseynov kimi. Milli komandanın sonuncu toplanışında Moldova ilə baş tutan yoxlama oyunun 80-cı dəqiqəsində aldığı zədə Bədavi ilə bərabər "Qarabağ"a da ağır zərbə oldu. Müdafiəçinin 2 ay oynamayacağı deyilirdi. Amma sonradan məlum oldu ki, təcrübəli futbolçu 6 ay oynamayacaq. Müddət isə bir qədər də uzana bilər.

Milli komanda üçün "qurban" olmaq hər futbolçunun borcudur. Amma belə yox da ...

Türkiyə və Belarusla yoxlama oyunlarında 90 dəqiqə oynayan Bədavi Hüseynovun Moldova ilə yoxlama görüşünün 80-cı dəqiqəsində meydanda nə işi vardı ki, belə də ağır zədə ala?

1. Adı üstündə yoxlama görüşüdür. Yəni kimlərisə yoxlamaq, sınamaq üçündür.

2. Rəqib hansısa adlı sanlı milli yox, bizdən də zəif Moldovadır.

3. Bir neçə gün sonra millimiz üçün hansısa əhəmiyyətli rəsmi görüş və ya turnir də yoxdur.

Bəs o zaman millinin təcrübəli siması olan, yığma komanda ilə 59 oyun keçirən, "Qarabağ"la başa vurduğu ağır mövsümdə 30 oyuna çıxan 29 yaşlı Bədavi Hüseynovun 80 dəqiqə meydanda olması kimə və niyə lazım idi? Bədavini öncəki iki yoxlama oyununda 90 dəqiqə oynatmaq bəs eləmədi?

Cənab De Byazi, eyni sualla Qarasına, Maksiminə görə də sizə müraciət ünvanlaya bilərik.

Maraq üçün deyək ki, Maksim Medvedev millinin heyətində 69, Qara Qarayev isə 64 oyunda meydana çıxıb. Son mövsüm isə uyğun olaraq birinin aktivində 33, digərin isə 37 görüş var.

Cənab De Byazi, indi siz deyin görək, bu futbolçuları tanımağa ehtiyac var, yoxsa yoxlamağa? Məncə, heç birinə! Bəs adı çəkilənləri 90 dəqiqə meydanda saxlamağınızın mənası nədir?

"Qarabağ"la düşmənçilik edirsiniz, yoxsa belə bir tapşırıq almısınız?

Ötən toplanışda Bədavi Hüseynov, Mahir Emreli və Qara Qarayevi yarımcan eləyib, klubuna göndərdiniz. İndi də Bədavi Hüseynov 6 aylıq sıradan çıxdı. "Qarabağ" Hospital yox, Azərbaycanı ölkə xaricində layiqincə təmsil edən bir klubdur. Onu əsla sındırmaq, dağıtmaq olmaz. Əsla!

Xanoğlan İmanov

Xəbər Lenti