Təki siftəmiz futbolda korlansın...

14 İyun 2021 16:40 Köşə 741
Təki siftəmiz futbolda korlansın...

Türkiyə millisinin Avro-2020-nin ilk oyununda büdrəməsi təbii ki, hamımızı üzdü.

Doğru, çempionatın startı təzəcə verilib.

Startda siftəni korlamaq isə hələ finişə çatmamaq anlamına gəlməz. Bu, bir yarışdır. O qədər olub ki, startda “yerindən sürətli götürülən” komanda 1/4 finala belə gəlib çıxa bilməyib. Yarı-yolda, suyu süzülə-süzülə qalıb. Potensialı, enerjisi, mübarizə ruhu bəs eləməyib. Və tərsinə.

Biz qardaş Türkiyə millisinin məhz ikincilər kimi böyük əzm və iradə yiyəsi olduğuna əminik. Qəm yeməyək.

Əslində, startdakı uğursuzluq səhvləri daha tez və keyfiyyətli aradan qaldırmaq fürsəti yaradır. İnanırıq ki, ilk matçdakı acı məğlubiyyət, - həm də insaf naminə dünya favoritlərindən olan İtaliya millisindən alınan məğlubiyyət – komandanın xeyrinə işləyəcək, onu yaxşıca silkələyərək sərt özünətənqidə səbəb olacaq və baş məşqçi Şenol Günəş əyər-əskiklikləri tezliklə yoluna qoymağı bacaracaq. Nəticə etibarilə Türk ruhu və dirənişi Avro-2020-də tarix yaza biləcək.

Türkiyəyə futbolda da boşuna güvənmirik. Bəli, bu, həmin Günəşdir ki, 2006-cı ildə Türkiyə komandasını dünya üçüncüsü edib - yığma tarixində hələlik ən böyük olan uğura çatdırıb. Hərçənd ondan da yüksək daha iki zirvə fəth olunmamış qalır – ikinci yer və ya çempionluq. Dünya və ya Avropa Çempionatı – fərq eləməz. Niyə də olmasın. “General olmaq istəməyən əsgərdən əsgər çıxmaz”.

Ötə yandan, təki siftəmiz idmanda, futbolda korlansın, məğlubiyyət acısını idmanda dadaq, böyük siyasətdə, hərb meydanında yox. Çünki idmandakı uğursuzluq millətə yalnız mənəvi planda itki bəxş edirsə, siyasət və döyüş alanlarında ölkə adına məğlubiyyət ciddi maddi məhrumiyyətlərə, hətta milli fəlakətə və köləliyə nədən ola bilir. Ermənistanın durumu görkdür. Şükür ki, Türk – bütün növ meydançalarda öz sözünü deməyi bacaran, qətiyyəti ilə gündəm yarada bilən soydur.

Düzdür, idmanda da, siyasət və hərb meydanında revanş şansı olur. Ancaq olmaya da bilər. Əsas odur darmadağın olmayasan – faşist Almaniyası kimi, faşist Ermənistanı kimi. Yəni Allah qisas fürsətini də hər kəsə, hər millətə tanımaz, haqqı olana tanıyar. Sanki bu cür seçimlə Tanrı mesaj verər ki, bir kəs, yaxud millət darmadağın, iflas olmaq istəmirsə, onda gərək yerini bilsin, başından yekə iddialarla, heç vaxt reallaşmayacaq arzularla yaşamasın. Hələ indiyədək düz-əməlli dövlət qura bilməyən, “başını başlara qoşan” xəbis ermənilər kimi...

Tarix boyu Türkün ayağının altını qazıyanlar çox olub. Biri elə ermənilər. Çünki döyüşkən Türkün möhtəşəm hərbi zəfərləri, at belində tarix yazması və təbii qaynaqlarla zəngin böyük coğrafi arealda yerləşməsi rəqiblərdə həmişə qibtə doğurub, xainlik hissi yaradıb. Yer üzündə bunca düşmənlərimizin olmasının əsas səbəbi bu. O səbəbə ən birinci ayağımızın altına baxmalıyıq...

O ki qaldı Avro-2020-yə, sözsüz ki, güclü dövlətin güclü futbol komandası olmaya bilər. Bu fəlakət deyil. ABŞ, Çin, Rusiya kimi. Amma Türkiyə artıq bir dəfə sübut edib ki, onların ikisi bir yerdə mümkündür. AÇ-2020-nin yekununda buna inşallah, yenidən şahidlik edəcəyik. Romadakı uğursuz siftənin vurduğu “yara” cəmi 3 gün sonra Bakıda, Uels yığması ilə matçla, həm də sayın Ərdoğanın canlı şahidliyi ilə sarınacaq. Sonra da yola davam. Həm də birgə davam...

Zahid SƏFƏROĞLU

Xəbər Lenti