Dövlətin yardımından imtina edən azərbaycanlı klub prezidenti kimdir?

4 İyun 2021 13:00 Köşə 1 731
Dövlətin yardımından imtina edən azərbaycanlı klub prezidenti kimdir?

Yəqin ki, sual cümləsini oxuyan kimi həyəcanlandınız.

Dərhal da özünüzə “yəni bizdə belə klub prezidenti var” sualını da verdiniz.

Darıxmayın, bu sualların cavabı var. Amma öncə həmin klub prezidentinin fikirlərini oxuyun:

“Dövlətin pulu futbola getməməlidir. Başqa sosial prioritetlər də var, bu üzdən imtina edirik”. Əhsən! Doğurdan da Azərbaycanda başqa sosial prioritetlərə ayrılan vəsait futbol təsərrüfatına səpilən puldan qat-qat azdır.

Bunu dəfələrlə yazmışıq ki, futbola ayrılan vəsait aztəminatlı ailələrə, tələbələrə, şəhid və qazi ailələrin, lap elə işğaldan azad edilmiş torpaqların bərpasına yönəldilməlidir.

Bir ölkədə qazi 500 manatlıq iş tapa bilmirsə, dövlətdən maliyyələşən təsərrüfatda futbolçu 15 min manat məvacib almamalıdır. Bu, ən böyük sosial ədalətsizlikdir.

500 manatlıq iş tapa bilməyən qazi bu Vətəni qoruyub. 15 min manat məvacib alan futbolçu da bu Vətəni dünyada biabır edib. Dövlət futbol təsərrüfatına milyonlar ayırır.

Amma hər mövsümün sonunda da “Keşlə”, “Sumqayıt”, “Səbail” adlı klublar yenə də dövlətdən tələb edirlər: Azdır, artırın, çatdıra bilmirik. Bu il 15 min manat məvacib verdiyi futbolçuya növbəti mövsüm 20 min manat təklif edir.

O tərəfdə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (adla əməlin təzadı) 250 manata göz dikən əlilin pensiyasını kəsir ki, qanunsuzdur. Azərbaycan qanunsuz “pensiya” alanlar futbol təsərrüfatındadırlar. Özü də hamıdan çox alırlar. Əvvəlcə onlardan başlamaq lazım idi.

“Dövlətin pulu futbola getməməlidir. Başqa sosial prioritetlər də var, bu üzdən imtina edirik”. Bəs bu sözləri deyən kimdir? Sizi həyəcanlandırdığım üçün üzr istəyirəm.

Bu şəxs Avropa Liqasının qalibi olan “Vilyareall”ın prezidenti Fernando Roiqdir. Cəmisi 50 min əhalisi olan bir şəhərmi deyim, qəsəbəmi deyim – komandasının sahibi. İqtisadi böhran vaxtı dövlət klublara yardım etmək istəyərkən, imtina edib bu vəsaitdən.

Deyib ki, böhran vaxtı işini itirən, gəlirləri azalan xeyli insan var, dövlət onlara yardım etməlidir.

O, bu komandaya öz pulunu xərcləyib, düzgün strategiya qurub, uşaq futbolunu inkişaf etdirib. Bizim klublar dövlətdən aldıqlarını hara xərcləyiblər?

İnfrastruktur yoxdur, uşaq futbolu yoxdur, ümumiyyətlə, komandanın sabahı yoxdur. Amma ağlasığmaz məbləğdə məvacib var. Dövlətin ayırdığı vəsait hər komandada 30-40 nəfər arasında bölünür, vəssalam. Və hər il də tələb gəlir – artırın, azdır.

“Dövlətin yardımından imtina edən azərbaycanlı klub prezidenti kimdir?” Belə klub prezidenti vicdanlı, ədalətli, əqidəli, peşəkar olmalıdır. Elə deyil? Eləsi İspaniyada var. Amma Azərbaycanda belə birisini tanımıram. Siz necə?

Natiq Muxtarlı

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu