Qurban Qurbanov "Qarabağ"da nələri dəyişməlidir və necə?

26 May 2021 17:40 Köşə 86 251
Qurban Qurbanov "Qarabağ"da nələri dəyişməlidir və necə?

Azərbaycanın avrokubokların 2020/21 mövsümündəki təmsilçilərinin tam tərkibi dəqiqləşdi.

Sonuncu vəsiqə Azərbaycan kubokunun dünənki finalında sahibini tapıb.

“Sumqayıt” üzərində qələbə qazanan (2:1) “Keşlə” qitəmiqyaslı turnirlərdə oynamaq hüququna yiyələndi.

Bakı təmsilçisi ilk dəfə keçiriləcək Konfrans Liqasında mübarizə aparacaq: yeni turnirdəki debütündə II təsnifat mərhələsindən yarışa qatılacaq.

Bunadək “Qarabağ”la “Sumqayıt” da eyni turnirin eyni mərhələsində oynamaq hüququ əldə edib. Çempionlar Liqasında isə “Neftçi” qüvvəsini sınayacaq.

Bir sözlə, Azərbaycanın avrokuboklardakı təmsilçiləri 1 il əvvəlki komandalardır. Yenə eyni “dördlük” qitə səhnəsinə çıxsa da, bəzi dəyişikliklər qeyd olunmalıdır.

Çempionlar Liqasında “Qarabağ” deyil, “Neftçi” oynayacaq. Ağdam klubu, həmçinin ötən il Avropa Liqasında oynamış “Keşlə” ilə “Sumqayıt” bu dəfə yeni turnirdə çıxış edəcək.

Təmsilçilərdən nə gözləyək? Dünən və bu gün prizmasından yanaşsaq, heç nə. Ölkədaxili mövsüm çox bərbad və ürəkbulandırıcı keçdi. Təmiz rəqabətin şahidi olmadıq, hakimlərin nəticələrə birbaşa təsir və müdaxilə etdiyi bir mövsüm izlədik.

Misalçün, «Neftçi»nin çempionluğun taleyinin müəyyənləşdiyi oyunda Elçin Məsiyevin yanlış qərarları ilə qızıl medallara sahib çıxdığını xatırlatmaq kifayətdir.

FİFA referisi adına layiq olmayan bu «fitbaz»ın «Qarabağ»ın lehinə təyin etmədiyi iki penalti epizodu üzərindən sükutla keçmək olmaz.

Bu, birmənalı sifariş idi. AFFA rəhbərliyinin sifarişi. Elçin AFFA rəhbərliyinin ürəyindən xəbər verən qərarlarıyla «Qarabağ»ı Çempionlar Liqasından Konfrans Liqasına «sürgün etdi».

Belə götürəndə, «Qarabağ» sezon ərzində çempionluğa layiq performans nümayiş etdirmədi. Ara-sıra rəqiblərindən üstün təsir bağışlasalar da, bunu bütün mövsümə yaya və bilmədilər, sabit çıxış ortaya qoymadılar.

Qurban Qurbanov üzləşdikləri çətinliklər barədə konkret heç nə demir, həmişə ümumi frazalar işlətməklə kifayətlənir.

Söylədiklərindən başadüşülən odur ki, onu nələrsə narahat edir, sıxır, sadəcə, özünün demədiyi, bizim də bilmədiyimiz səbəblər üzündən bu vəziyyətə düşüblər.

Nə qədər ki, o, konkret danışmayacaq, cəmiyyətə üstüörtülü mesajlar verməklə kifayətlənəcək, bu, sirr olaraq qalacaq.

Bəli, deməyə sözü var, çoxdur, amma susmaq heç də həmişə qızıl qiymətinə qalxmır. Rəşad Sadıqovun karyerasını bitirib «Zirə»də məşqçilik həyatına başlaması, yetərli sayda legionerin olmaması,

Donald Geryenin şəxsində intizamsız futbolçuların ortalığı qarışdırması, digər əcnəbilərin daxili yarışmalara barmaqarası yanaşması, Mahir Emrelinin tez-tez zədələnməsi, digər yerlilərin özlərini başsıız atlı kimi hiss etməsi..

Bunlar hamsı komandadaxili məsələlər kimi medalın görünən üzüdür. Aysberqin özü isə kifayət qədər böyükdür və onun görünməyən üzündə kənar təsirlər gizlənir.

Hansı ki, onlardan yalnız klubun rəhbərliyi və baş məşqçi xəbərdardır. Təəssüf, sanki rəsmilər də danışmağa tövbə edib və Qurbanov kimi proseslərə münasibət bildirmək, gizlinlərə reaksiya vermək niyyətindən uzaqdır.

Hələlik bu cür davranırlar və yəqin ki, bir müddət də belə davam edəcəklər. Sakit, kirimişcə dayanaraq və sanki belə də olmalıymış kimi…

«Qarabağ» son 7 mövsümdə avrokuboklarda qruplara qalmağı bacarıb. Konfrans Liqasında uğur əldə etmək də ondan gözlənilir və istənilir.

Gəl ki, mövcud heyət minimum hədəflərə çatmağa da əl vermir. «Səbail»ə, «Sumqayıt» qarşısında güc itirən bir komandanın qitə arenasında rəqiblərinə əzələ nümayişinə çıxacağı az inandırıcıdır.

Mütləq deyil ki, bunu Qurban Qurbanovun özü də etiraf eləsin. O, deməsə də olar, əsas odur ki, biz - mətbuat və publika gördüyümüzü gördük.

Məsələn, görürük ki, ikinci Rəşad Sadıqov peyda olunmayınca, «Qarabağ» hələ çox «qan itirəcək». Ya da ki, transferlərə ötən illərdəkindən xeyli artıq vəsait ayrılmalıdır ki, heç olmasa, avrokuboklardakı «uğur zənciri» bu yay qırılmasın, komanda görkəm alsın, sanbalını qorusun.

Xayme Romero, Uroş Matiç, Kvabena Ovusu və Kevin Medina ilə yollar ayrılmalı, oyuna sürət və rəng qatan, fərq yaradan legionerlər gətirilməlidir. Elvin Cəfərquliyev, Abbas Hüseynov, Toral Bayramovdan da bu gün çox şey gözləməyə dəyməz – axsaq nöqtələrdir.

Ümumən, çempionluğun əldən getməsinin «Qarabağ»a bir xeyri oldu ki, bəlkə rəqabətsizlik havasından qurtuldular, bir ayaqla qızıl medala doğru addımlamağın ağırlığını, təhlükə yükünü anladılar. Bu, çox vacib detaldıır.

Yeni inkişaf strategiyasını müəyyənləşdirmək, dayanıqlı metodlardan istifadəyə keçid, legioner siyasətinə fərqli baxış baxımından.

«Hər şey qaydasındadır, əvvəl necə, indi də elə davam edək» kimi fikirlər sandığın bir küncünə atılmalı, düşmən gözü çıxaracaq qədər pul xərcləməkdən çəkinməmək lazımdır.

Xəzər Hikmət
(ardı olacaq)

Xəbər Lenti