"Qarabağ"dan "Neftçi"yə keçən missiya

25 May 2021 17:40 Köşə 1 229
"Qarabağ"dan "Neftçi"yə keçən missiya

Azərbaycan Kubokunun finalı ilə dünən ölkəmizdə mövsümə yekun vuruldu.

Finalı maraqlı edən bir başqa məqam da "Keşlə"nin, yoxsa "Zirə"nin avrokuboklara gedəcəyi sualı idi.

"Sumqayıt"ın qələbəsi Rəşad Sadıqovun komandasına avrokuboklar yolunda işıq salmış olacaqdı. Amma olmadı.

"Keşlə" qazandığı qələbə ilə ölkə kubokuna sahib oldu. Bununla həm də avrokuboklara gedəcək 4 klubumuzun adı rəsmiləşdi.

Ötən il olduğu kimi yenə ölkəmizi qitəmiqyaslı yarışlarda "Neftçi", "Qarabağ", "Sumqayıt" və "Keşlə" təmsil edəcək. Amma ötən ildən fərqli olaraq "Qarabağ" yox, "Neftçi" Çempionlar Liqasında mübarizəyə başlayacaq. Digər 3 klubumuz Konfrans Liqasında öz gücünü göstərməyə çalışacaq.

Arxada qalan mövsümün qiymətləndirməsinə baxanda açıq görünür ki, "Qarabağ" xaric digər üç klub üçün mövsümün yekunu uğurlu oldu. Füzuli Məmmədovla çempionata başlayan "Neftçi" 9-cu turdan sonra onun istefası ilə boş qalan postu Samir Abasova tapşırdı.

Məhz onun gəlişindən sonra "Neftçi"də dirçəliş hiss olunmağa başladı. Gənc mütəxəssis inanılmazı gerçəkləşdirərək "Qarabağ"ın 7 illik hegemonluğuna son qoyub, "Neftçi"ni çempion etməyi bacardı. Haqlı olaraq günlərdi onun yetirmələri və özü tərif yağışına qərq ediliblər.

Mövsümün əvvəli kimsənin şans tanımadığı Ayxan Abbasovun "Sumqayıt"ı isə bürünc medallara yiyələnməyi bacardı. Startda belə sonluğun olacağını heç Ayxan müəllimin özü də təsəvvür etməzdi. Amma möcüzə kimi görünən nəticə baş tutdu. Və bunda Abasovun rolu çox böyükdür.

"Keşlə" üçün çox bərbad mövsüm oldu desək yanılmarıq. Yeni mövsümün başlanmasına az qalmış Tərlan Əhmədovla yolları ayıran Bakı təmsilçisi Yunis Hüseynova tapşırıldı.

Təcrübəli mütəxəssisdən də istədiyini ala bilməyən "Keşlə" rəhbərli növbəti baş məşqçi dəyişikliyinə gedərək Sənan Qurbanovu bu posta gətirdi. Premyer Liqada komandanı üst pillələrə çıxarmaq heç cür mümkün olmadı.

Amma ölkə kuboku "Keşlə"nin abırını örtməyə yetdi. Komanda böyük çətinlik bahasına olsa da Ölkə Kubokunu qazanmağı bacardı. Bununla da həm mövsüm titulla başa çatdırılmış oldu, həm komandanın avrokuboklarda çıxışı təmin edildi.

Göründüyü kimi "Qarabağ"ın uğursuzluq yaşadığı mövsümdə digər 3 klub enişli-yoxuşlu yollardan keçməklə olsa da belə uğurlu sonluğa çata bildilər. Buna görə də hər birinin rəhbərliyi, məşqçilər heyəti və futbolçuları alqışı haqq edir.

Amma sevinmək üçün çox zaman yoxdur. Qarşıdan avrokubok görüşləri gəlir. Ölkəmiz adına önəmli olan isə orada uğur qazanmaqdır. 8 ildi bu missiyanı öz üzərinə götürən "Qarabağ" indi kölgədə qalıbmış kimi görünür.

Bu boşluğu doldurmaq isə başda "Neftçi" olmaqla, digər klublarımızın üzərinə düşür. Yox, ötən il olduğu kimi yenə avrokuboklarda "Neftçi", "Keşlə" və "Sumqayıt" "Qarabağ"ın kögəsində qalacaqsa, daxili yarışlarda qazanılan uğurun da elə bir dəyəri olmayacaq.

Xanoğlan İmanov

Xəbər Lenti