Qurbanov imkan vermədi ki...

25 May 2021 09:40 Köşə 1 434
Qurbanov imkan vermədi ki...

Bilirəm, təbrik mesajları yazıb hazır saxlamışdınız.

Sənan Qurbanov imkan vermədi ki, paylaşasınız, sildiniz.

Və bilirəm ki, Sənan Qurbanovu da təbrik etməyəcəksiniz. Baxmayaraq ki, sizin sevimli "Sumqayıt"ı finalda ikinci dəfə məğlub etdi.

Olsun. Sənan Qurbanovu mən təbrik edəcəyəm.

Deyəcəyəm ki, qəti narahat olma, idman mətbuatının adamı olmadığın üçün. Elə yaxşı ki, deyilsən. İdman mətbuatının adamı olmaq üçün yaxşı mütəxəssis olmaq yox, başqa meyarlar tələb olunur.

Salam-kəlamlı olmalısan jurnalistlərə qarşı, gülümsəməlisən onların üzünə. Sən də ki, qaraqabaq, bacarmırsan. Vaxt var idi başqa bir qaraqabaq Qurbanovu da gözümçıxdıya salmışdılar.

"Qarabağ"ın qazandığı uğurları Mehmet Akdan tutmuş hər kəsin adına bağlayırdılar, təkcə Qurban Qurbanovun yox. Əlahəzrət zaman belələrinin ağzını elə şapalaqladı ki.

Amma belələri zamanın vurduğu şapalaqla düzələn deyillər. Yəni deməyim odur ki, səbrli ol, Qurbanov.

Səni təbrik edirəm, gələcəkdə necə olacağını, bu uğurun davamını gətirib-gətirməyəcəyini bilmirəm. Amma onu bilirəm ki, sən idman mətbuatının tərifli məşçilərindən da istedadlısan.

İstedadlıları isə daşlayanlar çox olur. Daş atanları da cahilliklərinə bağışla.

Natiq Muxtarlı

Xəbər Lenti