Kölgədə qalan "Qarabağ"

23 May 2021 22:20 Köşə 1 460
Kölgədə qalan "Qarabağ"

"Neftçi" Azərbaycan Premyer Liqasında 2020-2021 mövsümünün qalibi olmaqla "Qarabağ"ın daxili yarışlardakı 7 illik hegomonluğuna son qoymuş oldu.

7 mövsümdü avrokuboklarda çıxışına Çempionlar Liqasından start verən klub indi Konfrans Liqasında mübarizəyə başlayacaq. Avropa Liqası da yox, yeni yaranmış Konfrans Liqası.

Həm çempionluğun əldən çıxması, həm də komandanın Konfrans Liqasına getməsi "Qarabağ" adına böyük uğursuzluqdur. Və bu mənzərə ilə barışmaq da böyük psixoloji güc tələb edir. Adətən belə uğursuzluqlar uzun müddətli çöküşə də yol açır.

Açığı, "Qarabağ"da bunun yaşanacağı o qədər də inandırıcı görünmür. Çünki arxada qalan illər ərzində komanda rəhbərliyi, məşqçilər heyəti və futbolçular belə durumdan çıxmaq üçün yetəri qədər təcrübə yığa bilib. "Neftçi" ilə oyundan sonra verilən açıqlamalar, göstərilən soyuqqanlılıq da bundan xəbər verir.

Ümumiyyətlə isə mənə görə çempionluğun əldən getməsi uğursuzluq sayıldığı qədər, bu, həm də "Qarabağ"ın yükünün azalması kimi qiymətləndirilməlidir. İllərdi yığılan və hər keçən mövsüm daha da artan yükünü.

Artıq son mövsümlər əksəriyyət "Qarabağ"ın qruplara qalmasının sevincini yox, qrupda qalmasının uğursuzluq sayılmasını müzakirə edirdi. İndi isə "Qarabağ"ın avrokuboklarda necə mübarizə aparacağı belə müzakirə olunmur. Futbol ictimaiyyətini indi daha çox "Qarabağ" növbəti mövsüm necə görüncək" sualı düşündürür.

"Qarabağ" sanki çempion olmuş "Neftçi"nin kölgəsində qalıb. Hər kəs haqlı olaraq "Neftçi"yə "yüklənib". Samir Abasovun yetirmələrinin avropadakı çıxışı böyük həyacanla gözlənilir. Bu isə yükü azalmış, təzyiqlərdən azad olmuş "Qarabağ"ın daha rahat toparlanmasına mütləq ki fayda vermiş olacaq. Təbii ki, bu yazdıqlarım hamısı təxminlərə söykənən fikirlərdir. Daha dəqiqini isə zaman özü göstərəcək.

Xanoğlan İmanov

Xəbər Lenti