Özünü bəlaya salan “Neftçi” və ya “Qarabağ” niyə çempion olmadı?

20 May 2021 15:00 Köşə 2 729
Özünü bəlaya salan “Neftçi” və ya “Qarabağ” niyə çempion olmadı?

“Neftçi” ilə oyundan sonra Qurban Qurbanovun Elçin Rəhmanova yaxınlaşıb acı-acı gülməyini gördünüz yəqin.

Qurbanovu acı gülüşə nə vadar edirdi? Deyəcəyəm.

Amma indi onu deyim ki, Qurbanov bütün mövsüm boyu komandasının zəifləməsinin qarşısını ala bilmədi. "Qarabağ" zəiflədi, zəiflədi, "Neftçi"dən də zəif oldu.

Əslində final oyunundakı "Qarabağ" çempion olmaq istəyən komanda deyildi. O da ola bilsin ki, "Neftçi" çempion olmaq istəyirdi, amma çempion olmaq istəyən kimi oynaya bilmirdi. Yəni Neftçi"ni "Qarabağ"ın zəifləməsi, çempion olmaq istəməməyi çempion etdi.
Vəssalam.

"Neftçi" "Qarabağ"ı taxtdan saldı. Amma "Qarabağ"ın boşaltdığı taxtda oturmayıb hələ. Orda oturmaq çox çətindir. O taxtda oturmaq istəyən komanda avrokubokların qrup mərhələsində oynamalıdır, başqa yol yoxdur.

Necə ki, son 7 ildə bunu "Qarabağ" edib. "Neftçi" çempion olmaqla özünü bəlaya salıb. İndi sevinirlər, yeyirlər, içirlər. Çox pakizə, sevinin, yeyin, için. Amma yayda cavab verəcəksiniz, avrokubokların qrup mərhələsinə düşə bilməyəndə.

Onda "təpənizə dəysin çempionluq, bunu istəyirdiniz?" qınağı ilə üzləşəcək "Neftçi". İndiki halda isə bu çempionluq "Neftçi" rəhbərliyinin xərclədiyi milyonlara görə SOCAR-a “hesabatı” ola bilər.

Əslində "Neftçi" rəhbərliyini də avrokuboklarda uğursuzluq olacağı təqdirdə, ictimaiyyətdən gələcək qınaq maraqlandırmır. Onlar üçün SOCAR rəhbərliyinin gözünə kül üfürmək daha önəmlidir.

“Neftçi" çempion olmadı, sadəcə, "Qarabağ" çempion olmaq istəmədi. Güman ki, Qurban Qurbanov bu komanda ilə avrokuboklarda uğur qazanmağın mümkünsüz olduğunu anlayırdı.

Ona görə də meydanı "Neftçi"yə verdi. Bəs oyundan sonra niyə acı-acı gülürdü? Öz komandasının bu günə düşməsinəmi? Ola bilsin.

Amma təkcə buna yox. "Neftçi"ni avrokuboklarda gözləyəcək faciəyəmi?

Ola bilsin. Amma bu da son deyil. Azərbaycan futbolunu gözləyən "görəcəkli gün"əmi? Bax, bu, daha dolğun müşahidə sayıla bilər.

Bir sözlə, Qurban Qurbanov o gülüşlə demək istəyirdi ki, 7 ildir Azərbaycan futbolunda oxuduğunuz nağıl bitdi.

"Qarabağ"ın yazdığı nağıl.

Yeni nağıl isə yazılmayacaq. Çünki onu yaza biləcək komanda yoxdur.

Kimlərsə sevinir, şadlanırdı. Qurban Qurbanov isə acı-acı gülürdü. Elə mən də.

Azərbaycan futbolunu gözləyən faciəni – “görəcəkli günləri” görə bilənlərin hamısı bizim vəziyyətimizdədir, yəqin ki.

Natiq Muxtarlı

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!