"Neftçi"ni çempionluğa aparan yol

20 May 2021 13:00 Köşə 1 514
"Neftçi"ni çempionluğa aparan yol

"Neftçi" 7 mövsüm sonra ölkə çempionu olmağı bacardı. 2013-2014 mövsümündə "Qarabağ"a təhvil verilən kürsü, 7 mövsüm sonra elə "Qarabağ"dan da təhvil alındı. Bununla da Qurban Qurbanovun komandasının ölkədaxili yarışlardakı hegomonluğuna son qoyulmuş oldu.

PANDEMİYANIN VERDİYİ NARAHATLIQ

"Neftçi" üçün çempionluq zirvəsi heç də asan fəth olunmadı. Son iki mövsümdə baş verən bütün proseslərin cəmi komandanı zirvəyə daşıdı. Dünya futbolunu iflic vəziyyətə salan koronavirus bəlası ən böyük zərbəni ölkə klublarından "Qarabağ"a vurmuş oldu. Ötən mövsüm pandemiya səbəbindən Premyer Liqanın dayandırılması qərarı bir neçə tur əvvəldən "Qarabağ"ın çempionluğu ilə nəticələndi. Bundan sonra isə heyətdən çox sayda futbolçu yola salındı. Dani Kintanadan Donald Geryeyə kimi olan adlar arasında Miçel kimi sima belə vardı. Yeni transferlər isə demək olar edilmədi. Ehtimal ki, bunda əsas rolu pandemiya oynadı. Yeni mövsüm olacaqmı? Olsa sona kimi davam edəcəkmi? Bu kimi suallarla üz-üzə oturub sanballı və bahalı transferlər etmək riskli idi. "Qarabağ" da bu riskə getmədi. "Bir ayaqla da çempion ola bilərik" fikri də bunda az rol oynamadı. Komanda Avropa Liqasının qrupuna düşməklə atdığı riskli addıma görə yəqin ki, sevincli idi. Nəticə var, avrokuboklardan yetərli gəlir gəlir, büdcəyə qənaət də öz yerində. Bəs ölkə çempionluğu?

ÖZÜNÜ İŞƏ SALMAQ BUNA DEYƏLLƏR

Açığı, ölkə çempionatında da işlər pis getmirdi. Düzdü, "Qarabağ"ın lazımsız xal itkiləri vardı, amma bunun fonunda rəqiblər də xallar itirə-itirə gəlirdi. Təbii ki, əsas təhlükə yenə "Neftçi" olaraq qalırdı. Adına və heyətinə görə. Amma Füzuli Məmmədovun oynatdığı futbol, göstərdiyi qeyri-stabil nəticələr "Qarabağ" üçün rahat keçəcək növbəti mövsümün carçısı idi. Ta ki, "Qarabağ" bu nizamı pozana qədər. Bəli, "Qarabağ" öz rahatçılığına uyğun olan nizamı elə özü pozdu - "Neftçi"ni 9-cu turda 6-0 udmaqla. Məhz belə biabırçı məğlubiyyətdən sonra Füzuli Məmmmədov tutduğu postdan istefa verdiyini açıqladı. Bəlkə də hesab daha abırlı olsaydı, Füzuli Məmmədov yolun davam edəcəkdi.

SAMİR ABASOVLA GƏLƏN RÜZGAR

Füzuli Məmmədovun istefasından sonra onu kimin əvəzləyəcəyi maraqla gözlənilirdi. Gözlənilənlərin əksinə olaraq rəhbərlik Samir Abasov variantına üstünlük verdi. Hərgah "Sumqayıt"da başverənlərdən sonra Kamran Quliyevin prezidentliyi dövründə Samir Abasovun "Neftçi"yə gələcəyi inandırıcı deyildi. Bununla da "Neftçi" rəhbərliyi son illərin ən böyük, ən doğru qərarını vermiş oldu. Məhz Abasovun gəlişindən sonra "Neftçi" dirçəldi. Komanda onun rəhbərliyi altında səhv xatırlamıramsa ilk 10 Premyer Liqa görüşündə 9 qələbə qazanmışdı. "Qarabağ" bu rüzgarın küləyini hiss edəndə isə artıq gec idi. Zədələr, kasad heyət, rahatlıqla qazanılacaq çempionluğa köklənən komanda ilə bu mübarizədən qalib ayrılmaq çox çətin görünürdü. "Neftçi"nin lazımsız xal itkiləri, Qurbanovun təcrübə hesabına bəzi məqamlarda komandanı irəli darta bilməsi sadəcə çempionluğun taleyini son tura kimi daşımağa yetərli oldu. Burda isə hər hər şey baş verə bilərdi. Ki, verdi də ...

TƏCRÜBƏ YOX, İSTƏK

İstənilən sonluğa rəğmən bura qədər tər tökərək, əziyyət çəkərək gələn hər iki tərəf də çempionluq alqışını haqq edirdi. Oyun isə gözlənildiyi kimi sönük keçdi. Bu da başa düşülən idi. Hər iki tərəf maksimum səviyyədə ehtiyatlı olmağa çalışırdı. "Qarabağ"ın heyəti və təcrübəsi rəqibdən daha rahat oynamasına şərait yaradırdı. "Neftçi"də isə istək ən pik nöqtədəydi. Samir Abasovun yetirmələri oyun ərzində demək olar bir real qol epizodu belə yarada bilmədilər. Vurulan qola kimi "Qarabağ" oyunun ipini əlində saxlamağı bacarırdı. Hər şeyin bərabərliyi getdiyi belə məqamda da "Neftçi" ruhdan düşmədi. Sanki hansısa boşluğun, səhvin olacağından agah idilər. Və o an 90-cı dəqiqədə yetişdi. 90 dəqiqə intizamlı futbol oynayan Qurbanovun yetirmələri sona yaxın sanki rahatlaşdılar. Çempionluğu "ciblərində" bildilər. Təcrübəli davranışı sona kimi sərgiləməyi bacarmadılar. Və elə bu anda da o boşluq yarandı. Boşluqda boş qalan Monrozun ötürməsini Ahmed Ahmedov qola çevirdi. Gəldiyi gündən komandasına bir qəpiklik faydası dəyməyən hücumçu bir andaca qəhrəman oldu. Adını "Neftçi" tarixinin unudulmazlar siyahısına saldıra bildi. Bütün "Neftçi" ailəsinin qoldan sonrakı sevinci komandanın çempionluğu necə istəməsinin əyani təzahuri idi.

FİNALA KÖLGƏ SALAN QƏRARLAR, AMMA ...

Hakimlərin mövsüm ərzində olan səhvlərini saysaq günlər yetməz. Ştuxlikin bərbad idarəçiləri final oyununa da öz damğasını vurmağı bacardılar. Ən azı 3 epiozodda baş hakim Elçin Məsiyev nəticəyə təsir edən səhvlərə yol verdi. Voislav Stankoviçin Xayme Romeroya qarşı hərəkətinin penal olmasını görmək üçün isə heç hakim olmağa da gərək yox idi. Bəli, verilən qərarlar "Neftçi"nin dünənki qələbəsinə kölgə salmış oldu. Amma çempionluğuna əsla. Tarixdə isə nəticə qalır. İllər sonra bu mövsümü xatırlayanda deyəcəyimiz iki kəlmə olacaq - "Neftçi" çempion!

Xanoğlan İmanov

Xəbər Lenti
15 Aprel 16:30 Çək və bizə göndər!