Adam özünü şişirdib, "Neftçi"ni kiçildir

16 May 2021 10:40 Köşə 1 706
Adam özünü şişirdib, "Neftçi"ni kiçildir

“Bizim üçün qələbə qazanmaq çox önəmli oyun idi, çünki qələbə qazanmaqla intriqanı son tura saxlamaq istəyirdik.

Əvvəlki dövrədə "Sumqayıt"a uduzduğumuz ev oyunundan sonra istənilən komanda ilə qarşılaşsaydıq, məğlub olacağımızı bildirmişdim. Çünki onda özümüz-özümüzə yenilmişdik. Bunu sübut etmək üçün qalib gəldik".

Bu sözləri “Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının XXVII turunda “Sumqayıt”a 1:0 hesabı ilə qalib gəldikləri səfər oyunundan sonra mətbuat konfransında dedi.

Əlbətiə, səhv dedi. Bu, 100 düzü aparan bir xətadır. Bəli, Abasovun gəlişindən sonra “Neftçi“ dirçəlib, rəngi-ruhu özünə qayıdıb və bu mənada, çempionluq şansını son tura saxlaması təsadufi sayılmamalıdır.

Baş məşqçi kimi komandanın üzərində əziyyəti və xidməti var, ötən ilin noyabrından bəri kifayət qədər iş görüb. Çalışıb, vuruşub, kollektivi bu yerə gətirib çıxarıb.

Gərək, kar və kor olasan ki, Abasovun xidmətlərinin üstündən xətt çəkəsən, heç sayasan. Fərq var, özü də yetərincə.

“Neftçi“ 7 ildən sonra çempionluq kubokunu başı üzərinə qaldırsa da, qaldırmasa da, Abasovun fəaliyyətinə müsbət qiymət verilməlidir. Adam komandasına futbol oynadır və qələbəyə inandıra bilir – bu, onun əsas üstünlüyüdür.

Bunlar hamısı meydanın içinə aid işdir. Meydandan kənarda isə Abasov yenə də köhnə «adət»inə sadiqdir. Yerli-yersiz iradlar, iynəli sözlər, atmacalar…

"Onda özümüz-özümüzə yenilmişdik və bunu sübut etmək üçün qalib gəldik" açıqlaması kimi.

Samir bəy həqiqətin gözünün içinə kül üfürür, dünənə qədər olanları unudur, yaxud untdurmaq istəyir. "Səbail" və "Sumqayıt" kimi komandalar üzərində qələbələr nə qəhrəmanlıq hesab oluna bilər, nə də sübut.

Büdcəsi 10-13 milyon manatı aşan klubun özündən dəfələrlə az vəsaitlə yola çıxan rəniblərinə qalib gəlməsi adi haldır. Buradaa sübutluq nə var ki?!

Kimə nə nəyə? Abasov vaxtilə çalışdırdığı "Sumqayıt" və "Zirə" ilə qızıl-gümüş mücadiləsi versəydi, hə, onda bu gün danışmağa haqqı olardı.

Ay adam, sən ölkənin ən imkanlı iki klubundan birinin baş məşqçisisən, özündən qat-qat zəif heyətlə çarpışan həmkarlarının bostanına daş atmağın qəbahətdir.

Yenə aktyorluq etmək fikrinə düşmüsənsə, tələsmə, sonra bunun üçün kifayət qədər vaxtın olacaq. Xalq artisti adını almaq üçün ürəyin gedirsə, yenə narahat olma, gün var, ay var, il var.

Samir Abasov "Sumqayıt" kimi bir qarını ac, bir qarını tox rəqiblər üzərində qələbələri şişirtməklə, əslində, "Neftçi"nin böyüklüyünə kölgə salır, kiçildir.

"Neftçi" Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmış ilk Azərbaycan təmsilçisidir. Belə bir "cığır açan" keçmişi olan klubun baş məşqçisi irəli boylanmalıdır, daha ciddi hədəflərin arxasınca getməlidir.

"Neftçi"ni yenə qitəmiqyaslı turnirlərin qrup mərhələlsində görmək istəyirik – sübut bu olar onda. Yoxsa ki, "özümüz-özümüzə uduzduq", "indi sübut etdik ki.. " tipli açıqlamalar gülünc səslənir.

Samir Abasov əvvəl bu məqsədlərin birini yerinə yetirsin, sonra çıxıb danışsın. Xırda-para qələbələrlə öyünmək burnunun ucundan o yanı görməyən məşqçilərin xasiyyətidir.

Böyük düşünən, irəlini görən mütəxəssis belə cılız açıqlamalarla başqalarında qıcıq yaratmır. Bu mənada, Abasovun hələ də yerində sayması, necə danışmaq lazım olmasını bilməməsi, öyrənməməsi təəssüf doğurur.

Adam düzəlmir, düzəlmək istəmir də… Aktyorluq həvəsi bir çox hallarda ciddiyətini əlindən alır, ona üstün gəlir.

Klubun mətbuat katibi Rüstəm Allahverdiyevin üzərinə yenə böyük iş düşür. Hər gün onun yadına salmalıdır ki, sən "Neftçi"nin baş məşqçisisən, danışdıqlarına və söylədiklərinə fikir ver, özünü də, bizi də urvatsız edirsən.

Ya da ki, klub rəhbərliyi Peşəkar Futbol Liqasına müraciət ünvanlamalıdır ki, Samir Abasovun mətbuat konfranslarında iştirak etməməsinə izn versin, cərimə yazılmasın, onu hər dəfə köməkçilərindən biri əvəzləsin.

Belə bunun axırı yaxşı qurtarmayacaq. Günlərin birində həmkarlarından biri ya Samir Abasova sərt cavab verib yerində oturdacaq, ya da ki, tutub əzişdirəcək.

Hamının bir səbr kasası, onun da dolub-daşan yeri var. Əsəblərin tarıma çəkildiyi belə həssas məqamlarda incə diplomatiya işlətməyi bacarmayan, buna əhəmiyyət verməyən baş məşqçi özünü o gündən gözləməlidir.

Xəzər Hikmət

Xəbər Lenti