Ucuz ətin şorbası – Qara buludlar bu əyalət komandasını izləyir

8 Avqust 2022 09:40 Şamaxı 1 127
Ucuz ətin şorbası – Qara buludlar bu əyalət komandasını izləyir

«Şamaxı»nın yeni rəhbərliyi tezliklə səhvini anlayacaq.

Bir-iki tur da keçsin, nə boyda yanlışlığa yol verdiklərinə əmin olacaqlar.

Ucuz ətin şorbası olmaz. Futbol isə bahalı idman növüdür və burada davamlı olaraq vəsait xərcləmədən nəyəsə ümid etmək mümkünsüzdür. Kim əksini düşünürsə, mən onun futbol zəkasına şübhə ilə yanaşaram.

«Şamaxı»nın heyəti azmaaşlı futbolçulardan ibarətdir. Üç-dörd min manat əməkhaqqını 3-4 nəfərə verərlər, ya verməzlər.

Digərləri heç o pulun yarısını da almır bəlkə. İstisna etmirəm ki. bu heyətdə 300-500 manat manat məvacibə oynayanlar da çoxdur. Azərbaycanın futbol ailəsi balacadır, hansı klubun nə büdcə ilə yola çıxmasını müəyyənləşdirmək iki vur ikidir.

Cavid Hüseynova komanda qurmaq çətin olacaq. Böyük ehtimalla, öhdəsindən gəlməyəcək. Özündən asılı deyil bu. Əlindəki «material» «gəl-gəl» demir, ürək ağrıdır.

Harada qıraqda qalmış futbolçu var, əksəriyyətini «Şamaxı»ya yığıb.

Əlbəttə, şərait yaratsaydılar, Hüseynov nisbətən tanınan, qityməti üstündə yerli və legioner oyunçuları öz sərəncamında görmək istəyərdi.

Ağa isə deyir, sür dərəyə, sür dərəyə. Ağa deyir, büdcə məhduddur, gözlə, ola bilsin, gələn ildən vəziyyət düzəlməyə başladı.

Həə, yaz gələr, yonca bitər. Cavid Hüseynov gözləməyində olsun.

İcra başçısı, klubun İdarə Heyətinin sədri və başqaları da həmçinin. Məğlubiyyətlər mirvari kimi sapa düzüləndə, görərik onları. Düşdükləri halı, yaşadıqları məyusluğu...

Baxarıq yenilgilərə nəvaxtadək belə səbr göstərəcəklər. Dildə uzunmüddətli strategiyadan, mənfi nəticələrə dözümlü yanaşmadan danışmaq asandır ey!

Tablo və turnir cədvəli ən optimal «əsəb testi» olacaq. Bir yerə kimi.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda