Premyer Liqanın son iki turunda əsas izləyicilərindən «Qəbələ» və «Karvan»a uduzan «Kəpəz»in baş məşqçisi Azər Bağırov iddia edib ki, o, «Qarabağ»la matçdan sonra komandasını tanıya bilmir.
Bu, doğrudanmı, belədir? Düzü, mən Bağırovun dediklərini səmimi qəbul etmirəm.
Çünki o, iki həftəlik fasilənin tamamilə komandanın xeyrinə işləyəcəyinə dair daha öncə proqnoz səsləndirmişdi. Onu da deyən Bağırov, bunu da deyən Bağırov - bəs biz indi kimə inanaq?
Problem nə Dioqo Verdaşkanın yoxluğundadır, nə də başqa bir oyunçuda. Problem düşərgədəkilərin bütünlüklə eyforiyaya qapılmasındadır.
«Kəpəz»in bütün futbolçuları «Qarabağ» üzərində qələbəylə Premyer Liqada yerlərini təmin etdiklərini düşünməyə başlayıb. Vaxtından xeyli əvvəl boşalma gedib komandada.
Azər Bağırov isə işini artıq başa vurmuş sayaraq, yeni klub axtarışına çıxıb. Altdan-altdan müəyyən danışıqlar aparır, müxtəlif şəxslərlə görüşlər keçirir.
Əlqərəz, fikri «Kəpəz»dən başqa hər yerdədir. Gəncədə qalmaq istəyi ölüb.
Yenə kiminləsə, kimlərlərsə yola getmir, bunun da acısını «Kəpəz» çəkir.
ELNUR

