Azər Bağırovun mövsümün sonunda «Kəpəz»dən ayrılacağına dair xəbərlər yayılıb yenə.
Son günlər bu qəbildən olan informasiyalar media və sosial şəbəkələrdə sürətlə tirajlanır.
«Kəpəz»in futbolçuları aydan gəlməyib, Marsdan gəlməyib. Hamısı yer üzünün övladıdır, Yupiterdə doğulmayıb, yadplanetli deyil.
Mətbuatı, bütün xəbər platformalarını izləyirlər, oxuyurlar, Bağırovun gözlənilən gedişi barədə məlumatlar da qarşılarına çıxır.
Heç şübhəsiz, bütün bunlar onlarda dərin məyusluq hissi yaradır, əhval-ruhiyyələrini aşağı dartır.
Şəxsən mən «Qəbələ»yə məğlubiyyəti bu söz-söhbətlərin nəticəsi kimi görürəm. Fikirləşəndə ki od olmayan yerdən tüstü çıxmaz, istər-istəməz fikir dağılır, uğura konsentrasiya olmaq çətinləşir.
«Kəpəz» son 1 ayda yaxşı təsir bağışlayırdı. Ta bu oyuna kimi. Turnir cədvəlində qonşuluq edən komandaların duelində qalibiyyəti ağlının ucundan keçirməyən tərəf məhz «Kəpəz» idi.
Martın 20-də «Qarabağ»a elə burada, Yevlaxda üstün gəlməyi bacarmış «Kəpəz»in 11-ci sıradakı «Qəbələ» önündə aciz durumla üzləşməsinin tək məntiqi izahı Azər Bağırovun ətrafında dolaşan informasiya bumudur.
Klub rəhbərliyi təcili surətdə bu məlumatlara reaksiya bildirməli, söz-söhbətə son qoymalıdır. Açıqlamanı sonraya saxlasalar, «Qəbələ» 10-cu pilləni «Kəpəz»in əlindən alacaq.
MUSA

