Ötən ilin oktyabrında «Kəpəz»in sükanı arxasına qayıdan Azər Bağırov iyunda buradan ayrıla bilər.
Redaksiyamıxa bu yöndə məlumat daxil olub.
Belə ki, mütəxəssis növbəti mövsümü Gəncədə keçirmək üçün müxtəlif şərtlər irəli sürüb.
Onun komandanın transfer büdcəsinin artırılmasını istədiyi bildirilir. «Sarı-göylər»i Premyer Liqada saxlamaq vəzifəsinin öhdəsindən böyük ölçüdə gələn
Bağırov həmçinin özünün və köməkçilərinin maaşına əlavələrin edilməsi təşəbbüsü irəli sürüb.
Bunlar olmasa, güman ki, tərəflər 2 ay sonra bir-birinə «əlvida» söyləyəcək. Baxmayaraq ki, onun klubla müqaviləsi 2027-cı ilin yayınadək nəzərdə tutulub.
Bağırov «Kəpəz»dən getsə, işsiz qalacaq? 2022-2024-cü illər aralığında «Araz»da çalışmış məşqçi yenidən ora qayıda bilər.
Bu haqda saytımıza Muxtar Respublika təmsilçisindən məlumat daxil olub. Bildirilib ki, Zaur Axundov klubu maliyyələşdirməyə davam edərsə, Andrey Demçenko cari mövsümün sonunda baş məşqçi postunu tərk edəcək.
Çünki Naxçıvan Futbol Federasiyasının (NFF) prezidenti bu ilin yanvarında komandanın sükanı arxasına gətirdiyi ukraynalı çalışdırıcının işindən və əldə etdiyi nəticələrdən narazıdır.
Axundovun fikrincə, tarixinin ən böyük büdcəsiylə sezona başlamış «Araz» avrokuboklara vəsiqə qazanmalıdır. Hələlik isə işlər tam qaydasında getmir.
Ölkə kubokunda mübarizəni 1/8 final mərhələsində dayandırmış «ağ-qırmızılar» 25 turdan sonra Premyer Liqanın beşinci sırasında yer alır.
Redaksiyamıza verilən informasiyaya görə, NFF-nın birinci şəxsi klubla əlaqələrini kəsməsə, Bağırov təkrar geri qaytarmağı planlaşdırır.
O, 2024-cü ilin martında buradan istefaya göndərdiyi çalışdırıcı haqda son vaxtlar dəfələrlə müsbət fikirlər səsləndirib. Həm Andrey Demçenkodan, həm də Elmar Baxşıyevdən yaxşı mütəxəssis olduğunu söyləyib.
SPORTİNFO.AZ

