Dioqo Verdaşka «Kəpəz»in kapitanı sarğısını qolunda daşıyır.
Bu, o deməkdir ki, Azər Bağırov portuqaliyalı müdafiəçini komandanın lideri sayır.
Yaşına, keçdiyi karyera yoluna görə, Verdaşka həqiqətən «Kəpəz»in ən təcrübəli simasıdır. Di gəl, onun baş məşqçinin etibarına layiq formada olmasını söyləmək mümkün deyil.
Verdaşka son vaxtlar böyük eniş yaşayır. Demək olar hər oyunda ciddi səhvlərə yol verir.
«Turan Tovuz»la 1:1 bitən qarşılaşmada da kapitanın statusuna yaraşmayan xətası qolla nəticələndi. O, cinah ötürməsi zamanı Jo Batistanı qabaqlamağa gecikdi, braziliyalı hücumçu da hesabı bərabərləşdirdi.
«Turan»ın bundan savayı real qol fürsəti olmadı, demək ki, «Kəpəz»in qələbədən məhrumiyyətində Verdaşkanın «xidmət»ini qabartmalıyıq.
Bu, artıq neçənci dəfədir baş verir.
Bağırov nədən o sarğını portuqaliyalı legionerin qolundan açmır? Axı Verdaşka komanda yoldaşlarının əziyyətini belə həssas dönəmdə yerə vurur.
Çox böyük məmuniyyətlə bu sualın cavabını ondan eşitmək istərdim. Bircə «Verdaşkanın rəhbərliyin yanında hörməti, yeri bir başqadır» deməsin.
İnanmaram…
KAMİL

