«Mən Premyer Liqada qalacağımıza şübhə eləmirəm».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Kəpəz»in baş məşqçisi Azər Şükürov deyib.
Gəncə təmsilçisi ötən 23 tur ərzində 17 xal toplayıb. Hazırda turnir cədvəlinin 10-cu pilləsində qərarlaşan «sarı-göylər» qarşıdakı turlarda xal ehtiyatını artırmaq fikrindədir:
«Düşünürəm ki, daha bir-iki pillə irəli gedə bilərik. Biz, onsuz da, bütün oyunlara qazanmaq üçün çıxırıq.
Bəzən hər şey istədiyin kimi getmir. Çünki komandamızın heyəti o qədər də geniş deyil.
Kimsə zədələnəndə, yaxud cəzalı durma düşəndə, oturub saatlarla fikirləşirəm ki, ilk «onbirliy»i necə düzəldim?
«Kəpəz» Premyer Liqada legionerlərin xidmətindən ən az istifadə edən klubdur. Çox vaxt oyunlarda bəxtimiz də gətirmir. Hər şeyə rəğmən, mən çox ümidliyəm.
Mövsümün başa çatmasına hələ iki aydan bir qədər çox vaxt qalıb. Rəhbərliklə əl-ələ verib, komandanı olduğu yerdən irəli aparacağıq.
Qoy, gəncəli azarkeşlərimiz heç nədən narahat olmasından, «Kəpəz»i həmişəkindən daha çox dəstəkləsin. Onların köməyinə ehtyacımız böyükdür».

