Üç-beş manat əlavə pul alsalar, Premyer Liqanı ALT-ÜST edəcəklər!

14:40 Kəpəz 149
Üç-beş manat əlavə pul alsalar, Premyer Liqanı ALT-ÜST edəcəklər!

Premyer Liqanın ən az legioneri olan iştirakçısı «Kəpəz»dir.

Premyer Liqanın yerlilərə ən çox etimad göstərən iştirakçısı yenə «Kəpəz»dir.

Azər Bağırov üçün əvəzolunmaz futbolçu yoxdur. O, oyuna baxar, ada baxmaz.

Yusif İmanov bunu anladı yəqin.

«Turan Tovuz»la kubok matçında yol verdiyi səhvlərə görə Zirədə ehtiyata çəkilən qapıçı bundan sonra başa düşər ki, öz üzərində daha çox çalışmalıdır.

«Kəpəz» məhdud heyəti ilə çempionatda qalmaq savaşının içindədir.

Allah tərəfi, Zirədə qələbəyə yaxın olan tərəf də «Kəpəz» idi. Axır dəqiqələrdə 11 nəfərlə müdafiəyə çəkilib topu hara gəldi vurmasaydılar, 3 xal ovuclarının içindən sivişib çıxmazdı.

Bir anlıq diqqətsizlik nəticəsində qapılarında bərabərlik qolunu gördülər.

«Kəpəz»in oynadığı futbol rəqiblərdən asılı olaraq dəyişir. Bu komanda iddialılarla qarşılaşmalarda daha yaxşı təsir bağışlayır, nəinki özü kimi iddiasızlarla.

Azər Bağırov bunun səbəbini bilirmi? Güman ki, hə.

Mən, sadəcə, təxmin edirəm. Ki, «Kəpəz»in futbolçuları özlərini güclülərə göstərməyə həvəslidir. Bu kimi oyunlardan maddi gözləntiləri də çoxdur.

Adətən, turnir cədvəlinin ilk «altılığ»ında yer alanlarla oyunlara görə onlara daha yüksək mükafat vəd edilir. Bu yanaşma dəyişməlidir.

«Kəpəz»in əsas rəqibləri ikinci «altılıq»da qərarlaşanlardır. «Zirə» üzərində qələbəyə görə 2000-2500 manat alacaqlarsa, o pulun üstünə 500-1000 da əlavə edib, aşağılarda gedənlərlə duellərə psixoloji cəhətdən daha yaxşı hazırlamaq mümkündür komandanı.

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti