“Kəpəz”in yarımmüdafiəçisi Ehtiram Şahverdiyev Sportinfo.az-a müsahibə verib.
29 yaşlı futbolçu komandasının “Sumqayıt”ı 3:0 hesabı ilə məğlub etdiyi qarşılaşmadan sonra sualları cavablandırıb.
- Parlaq qələbənin sirrini nə ilə izah edə bilərsən?
- “Qarabağ” üzərindəki qələbədən sonra istədiyimiz nəticəni qazana bilmirdik. Əksər matçlarda yaxşı oynasaq da, yekunda məğlub olmuşduq. Komanda olaraq öz aramızdakı söhbətlər zamanı toparlanmaq vaxtı çatdığını dedik. Son görüşlərdəki məğlubiyyətlər kollektiv qələbə motivasiyası yaratmışdı. “Sumqayıt” güclü rəqib olsa da, layiqincə mübarizə aparıb lazım olan qalibiyyəti əldə etdik.
- Səmimi de, qarşılaşmadan əvvəl 3:0 hesablı qələbəni təxmin edirdin?
- Qələbə qazanacağımıza inanırdım və yalnız bu haqda düşünürdüm. Ancaq 3:0-ı gözləmirdim, açığı. Bu gün ən böyük üstünlüyümüz baş məşqçimizin verdiyi tapşırıqları düzgün və vaxtında yerinə yetirməyimiz idi.
- “Sumqayıt”ın heyətindəki itkilərin də rolu oldu yəqin.
- İtkilər bizdə də var idi. Buna baxmayaraq, toparlanıb, onların da yerinə oynamaqla qələbə qazandıq.
- Rəqibin azlıqda qalması da nəticəyə təsirsiz ötüşmədi yəqin.
- Rahat oynamaq və hesabı qorumaq baxımından bəlkə də xeyrimizə oldu. Ancaq qırmızı vərəqə göstərilənə qədər 3 top vurmuşduq. Yəni “qırmızı”ya görə qalib gəldiyimizi düşünmürəm. Başabaş mübarizə aparsaydıq belə, 3 top fərqini əldən verməyəcəkdik.
- Paltardəyişmə otağında “yaxşı ki, itkilərimiz var idi, onlarsız daha yaxşı oynadıq” deyib zarafat etmirdiniz?
- Xeyr-xeyr, elə söhbət olmadı (gülür). Komandada hamı eyni gücdədir. Kimin oynaması fərq etmir. Bu gün mən oynadım, sabah başqası şans qazana bilər. Əsas olan “Kəpəz”in uğur qazanmasıdır.
HƏBİB

