Derbidə sosial şəbəkə şirlərinin xatirəsi – Düşündürən FOTOLAR

7 Mart 23:00 Kəpəz 177
Derbidə sosial şəbəkə şirlərinin xatirəsi – Düşündürən FOTOLAR

Şəkilləri Azərbaycan kuboku çərçivəsində Yevlaxda keçirilən “Kəpəz” – “Turan Tovuz” oyununda şəxsən çəkmişəm.

Vaxtilə bu komandalar arasında baş tutan oyunlar “qərb derbisi” adlanardı. Düzdür, qərb yerində qalıb, ancaq derbi adına heç nə yoxdur. Dünən yaranan “Sabah”ın “Qarabağ”la rəqabəti daha maraqlı və yaddaqalandır.

Vaxtilə gəncəlilər Tovuza, tovuzlular Gəncəyə sağ gedib, salamat qayıtmaq üçün 100 ölçüb 1 biçərdilər. Ağızdan çıxan hər sözə diqqət edərdilər. Tribunalar dolub-daşardı, həyəcan son həddə çatardı. Futbolçular bir-birinin canını almağa hazır dayanardı.

Bəs, indi?

Oyunu 350 nəfər azarkeş izləyib.

Təxminən 100 adam “Turan” üçün gəlmişdisə, aşağı-yuxarı 200 azarkeş də “Kəpəz”ə dəstək verirdi. Yerdə qalan 50 nəfər Yevlaxda yaşanan futbolsevərlər idi.

Maraq üçün bildirim ki, Tovuzdan Yevlaxa qədər olan məsafə 160, Gəncədən Yevlaxa olan məsafə 70 kilometr təşkil edir.

Yəni sevimli komandanın oyununu stadionda izləmək və dəstək vermək üçün gəncəlilər gedib-qayıtmaq üçün 2, tovuzlular maksimum 4 saat vaxt sərf edir. Oyun da saatyarım. Bu da ümumilikdə 5-6 saat edir.

Premyer Liqaya paytaxt klubları doluşdurulanda içi biz media nümayəndələri hay-haray salırdıq ki, bəs, futbolun coğrafiyasını genişləndirmək lazımdır, futbolu bölgələrə daşımaq mütləqdir, regionlardakı insanlar futbol üçün acdır və sair.

Buyurun, bu da sizə Premyer Liqa futbolu. “Qarabağ”la “Araz-Naxçıvan”ı saymasaq, çempionatdakı 12 komandadan 6-sı bölgələri təmsil edir – Gəncə, Tovuz, İmişli, Yevlax, Qəbələ, Şamaxı.

Hanı stadionu dolduran azarkeşlər, ürəyi futbolla döyünən şəxslər, elitadakı gərginlikdən həzz alan insanlar?

Bəli, “Kəpəz”lə “Turan Tovuz”un Yevlaxda qarşılaşması xoş mənzərə deyil. Doğma stadionlarında oynasaydılar, daha çox adam gələrdi bəlkə. Ancaq bu, heç bir halda qərb derbisini 350 nəfərin izləməsinə səbəb ola bilməz.

Əsl azarkeş isti-soyuq, qar-boran, yaxın-uzaq demədən komandasının yanında olmağı bacarandır. Sosial şəbəkələrdə şirə dönənlər yox.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
7 Mart 22:40 Eh, elə bu qədər?