“Kəpəz” qış fasiləsindən sonra xoş təsir bağışlayır.
“Qarabağ”la “Sumqayıt”ı məğlub edən, “İmişli” ilə səfər heç-heçəsi əldə edən, Masazırda “Sabah”a son dəqiqələrdə vurulan qolla uduzan Gəncə təmsilçisi Azərbaycan kubokunda iddiasını ortaya qoymağa çalışır.
Rəqib isə hər iki cəbhədə titul qazanmağı hədəf seçən “Turan Tovuz”dur.
1/4 final mərhələsinin “Azersun Arena”da baş tutan ilk görüşündə gəncəlilər tovuzlulara minimal hesabla – 0:1 uduzmuşdu.
İndi isə cavab matçının, başqa cür desək, yarımfinalçının adına aydınlıq gətirməyin vaxtı çatıb.
Missiyaya çatmaq “Kəpəz” üçün hər nə qədər çətin görünsə də, mümkünsüz deyil.
Komandanın əsas heyət üzvlərindən olan Ehtiram Şahverdiyev Sportinfo.az-a açıqlamasında oyunla bağlı danışıb:
“Komandada “Turan Tovuz”la oyuna böyük inam var. İlk matçda yaxşı çıxış etmişdik. Sadəcə diqqətsizlik səbəbindən qapımızdan qol buraxmışdıq.
Əlbəttə, rəqib güclüdür, legionerlərin sayı çoxdur. Biz də özümüzü onlardan zəif hesab etmirik.
Cavab qarşılaşmasında istək və mübarizlik böyük rol oynayacaq. “Sumqayıt”la sonuncu görüşdə baş məşqçinin tapşırıqlarını düzgün yerinə yetirməklə 3 xalı 3 qolla qazandıq.
Bu dəfə də eynisi etməliyik. Taktiki planda ağıllı oynayıb, daha çox əzmkarlıq nümayiş etdirsək, mərhələni adlaya bilərik. Özümüzdən asılıdır”.
Martın 5-də Yevlax şəhər stadionunda baş tutacaq “Kəpəz” – “Turan Tovuz” görüşü saat 14:30-da start götürəcək.
HƏBİB

