“Kəpəz” rəhbərliyi Veysəl Rzayevə baş çəkib
Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Gəncə təmsilçisinin İdarə Heyətinin üzvü Fərman Əlizadə, infrastruktur rəhbəri Ruslan Məmmədov, baş məşqçi Azər Bağırov və komandanın kapitanı Əli Səmədov futbolçunu ziyarət ediblər.
Klub nümayəndələri Veysəlin səhhəti ilə yaxından maraqlanıb, ona mənəvi dəstək göstərərək tezliklə tam sağalmasını və yaşıl meydanlara qayıtmasını arzulayıblar.
O, bir neçə gün önə davaya düşüb və 3 bıçaq yarası alıb. Yarımmüdafiəçi dostunu qorumaq üçün özünü irəli verib.
Belə ki, o, dostu və iki xanımla birlikdə Gəncədəki restoranların birində əylənirmiş. Gecə təxminən 04:00 radələrində xanımlarla birgə restoranı tərk ediblər.
İlkin məlumata görə, yolda həmin xanımlardan birinin keçmiş əri onların qarşısını kəsib. Həmin şəxs Veysəlin dostu ilə mübahisə etdikdən sonra ona bıçaq zərbəsi endirməyə çalışıb.
V.Rzayev araya girdiyindən, 3 zərbə alıb. Zərbələrdən biri bədənin sol nahiyəsinə, digərləri isə kürəyinə dəyib, nəticədə ağır yaralanıb.
Maraqlıdır ki, Veysəlin yanındakı dostu da “Kəpəz”in keçmiş futbolçusudur. Nihat Fərəci hazırda II Liqada mübarizə aparan “Şəki Siti”nin formasını geyinir.





