“Kəpəz”in iştahı, ortadakı reallıq - Kimsə bunu onlara göstərsin!

21:20 Kəpəz 170
“Kəpəz”in iştahı, ortadakı reallıq - Kimsə bunu onlara göstərsin!

13-cü turun açılış oyunu Yevlaxda baş tutacaq.

“Kəpəz” nominal meydan sahibi qismində “Zirə”ni qəbul edəcək.

Ötən həftə prinsipial qarşılaşmada “Karvan Yevlax”ı məğlub edərək (2:1) sonuncu pillədən qurtulan qərb təmsilçisi bu dəfəki qarşılaşmadan əvvəl iştahlıdır.

Azər Bağırovun dönüşündən sonra nisbətən özünə gələn “sarı-göylər” sonunculuqdan qurtulandan sonra bir az da yuxarı qalxmağı hədəf seçib. Bunun üçünsə qələbənin davamını gətirmək lazımdır.

Lakin komandalar arasındakı ötən mövsümdən bu yana davam edən statistikaya nəzər yetirəndə, “Kəpəz”in halına acımamaq mümkün deyil.

Gəncəlilər 2024/25 “futbol ili”ndə Azər Bağırovun rəhbərliyi altında Rəşad Sadıqovun “Zirə”sinə qarşı 4 oyun keçirib. Və bütün hallarda məğlubiyyət acısı yaşayıb – 0:3, 0:4, 0:2, 0:1.

Hər dəfə meydanı məğlub tərk edən “Kəpəz” 1 dəfə də olsun rəqib qapısına yol tapa bilməyib. Əvəzində, topu 10 dəfə tordan çıxarmalı olub.

Cari mövsümün ilk yarısına təsadüf edən qarşılaşmanın yekun nəticəsi isə daha ağır olub – 0:5. Lakin həmin vaxt “sükan” arxasında Adil Şükürov dayanırdı, Azər Bağırov yox. 5 oyunda 5 məğlubiyyət və buraxılan 15 cavabsız top.

Nizami yurdunun təmsilçisi Gəncəyə yaxın olan Yevlaxda oynayacaq. Bu, o deməkdir ki, azarkeş dəstəyi baxımından üstünlük nominal meydan sahiblərinin tərəfində olacaq. Üstəlik, “Kəpəz” ötən həftə stadionun havasını hiss edib, “Zirə” isə yeni döşənmiş qazonda ilk görüşünə çıxacaq.

“Qartallar”ın hazırda yaxşı formada olduğunu qeyd etmək mütləqdir. Sonuncu dəfə oktyabrın 19-da “Sabah” önündə darmadağın olan (0:3) Sadıqovun komandası son 4 qarşılaşmanın 3-də qələbə qazanıb, “Turan Tovuz”la bərabərə qalıb.

Noyabrın 28-də Yevlax şəhər stadionunda baş tutacaq oyunun start fiti saat 14:00-da çalınacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti