“Qəbələ” İK və “Kəpəz” PFK arasında imzalanmış müqavilənin müddəti tərəflərin qarşılıqlı razılıq əldə etməməsi səbəbindən uzadılmayıb.
Bu, rəsmi açıqlamadır.
Bildirilir ki, müqavilənin müddətinin uzadılmamasını, “Kəpəz”in müraciətini, “Karvan-Yevlax”ın razılıq məktubunu nəzərə alaraq, Peşəkar Futbol Liqası Premyer Liqanın 13-cü turundan etibarən Gəncə klubunun ev oyunlarının Yevlax şəhər stadionunda keçirilməsinə qərar verib.
“Qəbələ” və “Kəpəz” arasında yeni anlaşma niyə əldə olunmayıb? Problem maliyyə şərtlərinə görə yaranıb?
Qəbələnin eyniadlı təmsilçisi “sarı-göylər“dən hər oyuna görə 5000 manat tələb edib. Üstəlik, bu rayonda yerləşən oteldən 1 günlük istifadəyə görə bir neçə min manat ödəmək lazım gəlib.
Gəncəlilər xərc çoxluğundan, Qəbələni Yevlaxa dəyişmək məcburiyyətində qalıb. Bura həm Gəncəyə yaxındır, həm də stadionun icarəhaqqı Qəbələ ilə müqayisədə xeyli aşağıdır
“Kəpəz“ artıq 2000 manatla bir ev oyununun “başını bağlaya“ biləcək.
SPORTİNFO.AZ

