Turun prinsipial qarşılaşmalarından biri Yevlaxda baş tutacaq.
Uzun fasilədən sonra doğma azarkeşlərinin önünə çıxacaq “Karvan-Yevlax” qonşu şəhərin təmsilçisi “Kəpəz”i qəbul edəcək.
15 illik fasilədən sonra Premyer Liqa matçına qucaq açacaq Yevlax şəhər stadionunun tribunalarının dolacağına şübhə etməyə dəyməz. Yerli futbolsevərlər qarşılaşmanın start fitini həvəslə gözləyir.
Hazırda Gəncədə müşahidə olunan ab-havanın da yüksək olduğunu deyə bilərik.
“Sarı-göylər”in turnir cədvəlindəki vəziyyəti və əsas rəqiblərindən birinə qarşı oynaması, üstəlik, milli komandaların görüşləri ilə bağlı yaranmış iki həftəlik fasilədə “Kəpəz”in səmərəli hazırlıq keçməsi ilə bağlı inam gəncəliləri ümidləndirib.
Odur ki, çılğınlığı ilə tanınan fanatlar Yevlaxda əsl Gəncə havası yaratmaq istəyirlər.
Əldə etdiyimiz bilgiyə görə, oyun günü Nizami yurdundan Yevlaxa 200-250 civarında azarkeşin təşrif buyuracağı gözlənilir. Çünki mümkün qələbə “Kəpəz”in elitada qalmasına ciddi təkan verəcək. Əks halda, vəziyyət bir az da gərginləşəcək.
Noyabrın 21-də Yevlax şəhər stadionunda baş tutacaq oyunun start fiti saat 14:00-da çalınacaq.
HƏBİB / SPORTİNFO.AZ

