"Kəpəz"də ənənə davam edir.
Mövsümün hələ cəmi birinci dövrəsi arxada qalıb, artıq legioner ayrılıqları sıraya düzülüb.
Rəsmi olaraq ikisi ilə yollar ayrılıb.
Bu, hələ son deyil.
Daha bir neçə gəlməyə qapını göstərəcəklər.
Təbii ki, konfet kağızına deyil.
Əksəriyyətlə iki illik anlaşma imzalanıb.
Növbəti mövsümü güzəşt edən gəlmələrə bu ilin kompensasiyası ödənilir.
Bu dəfə ayrılıqlar ikiqat ağır başa gələcək.
Yola salmaq, kompensasiya ödəmək asandır.
Yerinə gətirmək indi iki qat çətindir.
Legioner limitinin ləğvindən sonra rüsumlar artırılıb, milli üzvləri ilə bağlı güzəşt ləğv edilib.
Gəncə təmsilçisində son illər bu cür yanaşma tendensiya halını alıb.
Ehtimal edirdik ki, yeni qərarlardan sonra əcnəbi seçimləri maksimum diqqətlə aparılar.
Görünən odur ki, "Kəpəz" üçün az fərq edir.
İstənilən məsələdə "pul yoxdur" ağlaşması qurulsa da, əcnəbi transferinə hər dəfə pul tapılır.
Özü də kifayət qədər yaxşı rəqəmlərdən söhbət gedir...
XANOĞLAN / SPORTİNFO.AZ

