Tələsir yenə - Nə olub, qoy, səhər açılsın da bir…

11 Noyabr 2025 14:40 Kəpəz 1 055
Tələsir yenə - Nə olub, qoy, səhər açılsın da bir…

Azər Bağırov bu gün balıq tutmağa getsə və toruna qızıl balıq düşsə, həmin qıxıl balıq onu buraxmasının qarşılığında 3 arzusunu yerinə yetirməyə boyun olsa, bilirsiz, nə istəyər?

İnanın, birnəfəsə deyər ki, «Kəpəz» rəhbərliyinə pul yetir, yeni futbolçular ala bilək.

Bu dəqiqə onun başqa dərdi yoxdur. Oturub-durur ancaq bu haqda fikirləşir.

Bağırovdan soruşan olsa ki qışadək kimləri düşərgədən göndərmək istəyirsən, yenə birnəfəsə 12-15 nəfərin adını çəkər.

«Kəpəz»də vəziyyət, doğrudan da, acınacaqlıdır. Bağırov səfərdə «Şamaxı»nı 4:1 udandan sonra elə bilirdi ki, pis günlər artıq arxada qaldı, onu xoşbəxt gələcək gözləyir.

Yanıldı. «İmişli»yə 0:3, «Neftçi»yə 1:5 və «Sabah»a 1:3 hesablı məğlubiyyətlər bəlli etdi ki, Azər Bağırovun görəcəyi günlər varmış, komanda da həminkidir - aşsüzən.

Ona vaxt veriləcək. Klub rəhbərliyi ayda bir məşqçi dəyişməyəcək ki..? Adil Şükürovun ayrılmasının 1 ayı təzəcə tamam olub.

Sadəcə, Azər Bağırov qış fasiləsinədək neçə xal toplaya biləcək? Bax, budur e, əsas sual!

Futbolçular bilir ki, köhnə-yeni baş məşqçinin onlar haqda rəyi nədir. Eşidiblər ki, kimləri göndərmək istəyir.

Belə ab-havada hansı biri «Kəpəz» üçün can qoyar? Bağırovun səhvi ondadır ki, islahatlar barədə indidən anons verir.

Tələsir yenə. Nə olub, qoy, səhər açılsın da bir…

ELXAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
3 Mart 04:40 Azərbaycan qalib oldu