Azər Bağırovun gəlişindən sonra "Qarabağ"a minimal hesabla məğlubiyyət, ardınca "Şamaxı" üzərində darmadağınla mövsümdə ilk qələbəsini qazanan "Kəpəz" azarkeşlərində bir inam yaratdı.
Növbəti qayıdışın siqnallarını vermiş oldu.
Amma davamında "İmişli" (0:3) və "Neftçi"dən (1:5) alınan ağır məğlubiyyətlər bölgə klubunda köhnə hamam, köhnə tas məsələni yada saldı.
Baş məşqçi Azər Bağırovu "ağ qaralar"la oyundan sonrakı mətbuat konfransında dediklərinə görə qınamaq, tənqid etmək olar.
1:5-dən sonra nə hakimlər? Özü də bu tonda. Uğursuz açıqlamalar idi. Əbəs deyil ki, qısa müddət sonra da emosional olaraq danışdığını deməklə səhvini etiraf etdi. Ona görə də bu məsələdə çox da ilişib qalmaq istəmirəm.
Nəticələrdə isə Bağırovun zərrə günahı yoxdur.
Nə heyəti yığıb, nə də gələndən sonra iri çapda təmizləmə əməliyyatları aparıb.
Tək günahkar yayda bu kollektiv formalaşdıran şəxs(lər)dir. Rosa kimi 5-ci sort əcnəbiləri bölgə klubuna calayan(lar)dır.
Azər Bağırov belələrindən konfet düzəltməklə məşğuldur.
Azarkeşlər də üzünü o şəxslərə tutub, ürəyini boşalda bilər.
XANOĞLAN İMANOV

