Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportinfo.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 9-cu turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.
“Kəpəz” – “İmişli” oyununun 25-ci dəqiqəsində “Kəpəz”in qapıçısı Məmməd Hüseynov xəsarətlə nəticələnən ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə almışdı.
Bildirilib ki, bu səbəbdən 26 yaşlı qolkiper 4 oyun oyunluq cəzalandırılıb. Onun klubu 1000 manat cərimə edilib.
Eyni matçın 38-ci dəqiqəsində “Kəpəz” azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə Gəncə təmsilçisi 6000 manat cərimə edilib.
Həmin qarşılaşmanın 68-ci dəqiqəsində “Kəpəz” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə klub komandası 3000 manat cərimələnib.
“Araz-Naxçıvan” – “Sabah” oyununda “Sabah”dan 4 nəfər sarı vərəqə aldığı üçün Bakı təmsilçisi 700 manat cərimə edilib.
“Qəbələ” – “Neftçi” oyunu bitdikdən sonra “Neftçi” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Neftçi” komandası 3000 manat cərimələnib.

