
«Kəpəz» rəhbərliyi komanda ilə əlaqəli ciddi araşdırmaya başlayıb.
Bu, klubdaxili son toplantıda ortalığa atılan iddia ilə bağlıdır.
Bakıda keçirilən iclasda iştirak edən bəzi rəsmilər və baş məşqçi Adil Şükürov bildirib ki, Premyer Liqanın ilk 3 turunda qeydə alınan məğlubiyyətlər təsadüfi deyil.
Onlar bununla bağlı əllərində müəyyən fakt və bilgilərin, hətta görüntülərin olduğunu deyiblər. Burada söhbət nədən gedir, ucundan-qulağından açıqlayaq…
Deməli, qeyd edilib ki, vaxtilə «Kəpəz»i çalışdırmış Etibar İbrahimov Gəncədə bir qrup futbolçu ilə gizli görüşlər keçirib. Şəhərin müxtəlif çay evlərində keçirilən görüşlərdə əsasən legionerlər iştirak eləyib.
İbrahimov onlardan Olavale Onanuqa vasitəsilə digər oyunçulara təsir göstərməyə çalışıb, baş məşqçinin və funksionerlərin əleyhinə fikirlər söyləyib, inandırmaq istəyib ki, istefalar baş versə, hər şey daha yaxşı olacaq.
İddiaya görə, İbrahimov Şükürovun Gəncədə sevilmədiyini, onun qovulması üçün azarkeşlərin bir qrupunu «səfərbər» etdiklərini deyib.
Bu səbəbdən «Kəpəz» yaxın günlərdə 4 legionerlə yollarını ayıra bilər.
Adil Şükürov düşərgədən göndərilməsini istədiyi əcnəbi futbolçuların adlarını rəhbərliyə təqdim edib. «Qara siyahı»ya Olavale Onanuqa, Otar Aptsiauri, Vitor Feijao Luis və Luis Paçu daxildir.
Baş məşqçi «Sumqayıt»a 0:3, «Karvan»a 2:3 və «Zirə»yə 0:5 hesablı yenilgilərin səbəbləri barədə geniş raport verib.
Çalışdırıcı komandanın hələ tamamilə formalaşmadığını, bəzi futbolçuların onun ümidlərini doğrultmadığını bildirib. Şükürov yuxarıda adları qeyd olunan oyunçulardan şübhələrini dilə gətirib.
Legionerlərin qəsdən zəif təsir bağışladığını, qruplaşma yaratdıqlarını, düşərgədə ab-havanı pozduqlarını, onun əleyhinə danışdıqlarını, istefaya göndərilməsini istədiklərini iddia eləyib.
Doqquz aydan sonra «sarı-göylər»in sükanı arxasına dönmüş mütəxəssis deyib ki, uğursuzluq zolağından çıxmaq üçün onlara vaxt lazımdır.
Müşahidə Şurasının sədri Adil Vəliyev situasiyanı dəyişmək üçün zamanın az olduğunu söyləyib. Sədr baş məşqçiyə 2 turluq möhlət hüququ tanıyıb.
O, «Araz-Naxçıvan» və «Qəbələ» ilə qarşıdakı matçlarda minimum 4 xal qazanılmasını tələb kimi irəli sürüb.
Qəti şəkildə xəbərdarlıq eləyib ki, əgər komanda qarhısına qoyulan bu məqsədi yerinə yetirməsə, islahatlara başlayacaq. Vəliyev prosesə elə Şükürov və köməkçilərindən start verəcəyini gizlətməyib.
SPORTİNFO.AZ