Nə qədər ki o, klubun başındadır, kef etsinlər!

24 Fevral 19:00 Kəpəz 888
Nə qədər ki o, klubun başındadır, kef etsinlər!

«Kəpəz» mövsümün ən əsas oyunundan qələbəylə ayrıldı.

Hakimlər briqadasını da yanlarına alaraq, «Qəbələ»ni Qəbələdə uddular.

Bu, 6 xallıq qarşılaşma idi. Qazanan tərəf Premyer Liqada qalmaq vəzifəsinin öhdəsindən böyük ölçüdə gəlmiş sayılacaqdı.

«Kəpəz» güclü yağışın suyunu ciyərlərinə çəkə bilməyən meydanda nəticəyə oynadı və məqsədinə çatdı.

Hədəfə aparan məsafə rəvan oldu. Rəvan Həmzəzadə «Qəbələ»ni «budadı». «Kəpəz»in qapısına iki penalti təyin etməli idi, göz yumdu.

Açıq epizodları görməzdən gələn referinin «Qəbələ»lilərlə sərt rəftarı, dialoq zamanı ağız-burnunu əyməsi, VAR-a getməməsi mənə çox şey deyir…

AFFA-da biriləri «Qəbələ»yə qənim kəsilib. «Kəpəz»ə həmin münasibət göstərilmir.

İki-üç oyun xaricində, «Kəpəz»ə hakimlik sarıdan problem yaratmırlar. Bu da İlqar Nadiriyə görə.

O, Elxan Məmmədovun kadrıdır. Keçmiş icraçı vitse-prezident və baş katibin yaxın adamlarını incitmək AFFA-da kimsənin başı üçün deyil.

Məmmədovun cismi Parisdə dolaşsa da, ruhu və əli hələ də AFFA-nın kabinetlərində, dəhlizlərində dolaşır.

Nə qədər ki İlqar Nadiri İdarə Heyətinin sədridir, «Kəpəz» Premyer Liqada qalacaq.

Vay o günə ki, vəzifəsindən uzaqlaşdırılsın! AFFA hakimlər vasitəsilə «Kəpəz»i «Zirə»nin gününə salacaq, min bir oyun açacaq başlarına.

Bu müddətdə kim «Kəpəz»in baş məşqçisi olacaqsa, xoşbəxt halına! Otursun, rahat işini görsün, maaşını alsın.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti