Premyer Liqada işləri qaydasında getməyən «Kəpəz»də növbəti problem baş qaldırıb.
Bu barədə redaksiyamıza klubun akademiyasında çalışanlar məlumat verib.
Saytımıza müraciət edən bir qrup işçi rəhbərlikdən şikayətlənib, 3 aydan artıqdır əməkhaqlarını ala bilmədiklərini söyləyiblər.
Onların sözlərinə görə, AFFA dövlətin ayırdığı pulu aybaay «Kəpəz»in büdcəsinə köçürsə də, idarəçilər məvaciblər akademiyaya çatacaq vəsaiti vermir:
«Hər gün bizi aldadırlar. Dəfələrlə bununla bağlı müraciət etmişik, «gözləyin» cavabı verirlər.
Axı nəvaxtadək? Biz də oğul-uşaq sahibiyik, ailə saxlayırıq.
Sonuncu dəfə sentyabrda maaş almışıq. Onda da gətib avqustun pulunu verdilər, vəsaalam!
O tarixdən bəri qapı döyürük. Gedib dükan-bazardan nisyə alver edirik.
Daha orada da bizə sifət turşudurlar. Neyləsinlər, klub rəhbərliyinə ümid olub onlardan ərzaq alırıq, sonra da pulu vaxtında qaytara bilmirik.
AFFA-dan xahiş edirik ki, «Kəpəz»də araşdırma aparsınlar. Bizdə məlumat var ki, rəhbərlik kluba ayrılan pulun çoxunu əsas komandaya xərcləyir.
Qoy gəlib yoxlasınlar. AFFA-dan tərpəniş görməsək, məcburuq Bakıya gələk, mətbuat konfransı keçirək.
Guya nə maaş alırıq ki..? Burada heç kimlə 3 aydan artıq müqavilə bağlamırlar.
Kim səsini çıxarır, deyirlər ki, dinmə, yoxsa işdən atacağıq bayıra. Amma belə də olmaz. Bunların insafını Allah kəsib!».
SPORTİNFO.AZ