Tərlan Əhmədovun atdığı "DAŞ" - Görəsən, kimə dəyəcək?

25 May 2023 17:00 Kəpəz 921
Tərlan Əhmədovun atdığı "DAŞ" - Görəsən, kimə dəyəcək?

"Qış fasiləsindən sonra demişdim ki, mən gedəcəm. Mən sözümün arxasındayam".

Bu fikirləri cəmi 2 həftə əvvəl "Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov dilə gətirmişdi.

Açığı, onun ayrılıq qərarında belə israrlı olmasına üzülmüşdüm.

Ki, "Kəpəz"də kiçik büdcə, kasad heyət, min cür problemlə baxımlı futbol oynayan komanda yaratmağı bacarmışdı.

Qarşısına qoyulan vəzifəni də yerinə yetirib – Premyer Liqada qalmaq.

Belədə getməsi həm “Kəpəz” üçün zərərli olardı, həm Premyer Liqamız üçün. Etiraf edək ki, Əhmədov təkcə oynatdığı oyunla yox, həm də yaşa(t)dığı qalmaqalları ilə də çempionatımıza rəng atmağı bacarıb.

Ümidim rəhbərliyə idi. Ki, israr edər, daha yaxşı şərtlər təklif edər və təcrübəli mütəxəssisi komandada saxlamağa çalışar.

Lakin bütün müsbət keyfiyyətlərə rəğmən rəhbərlik onunla yola davam etməyə maraqlı deyil. Bu günə qədər yeni müqavilə təklifinin olmamasının başqa izahı yoxdur.

Olanlardan Tərlan müəllim də pərişandır. İsrarla gedəcəm deyən adam, indi düşüb əl-ayağa.

O, “Neftçi” ilə oyundan sonra verdiyi açıqlamaları ilə nə qədər yumşaldığını göstərmiş oldu:

“Rəhbərlik istəsə, işimizə davam edəcəyik. "Kəpəz"i sevən insanlar mənə deyirlər ki, buradan getmə. Bu günə qədər heç bir təklif olmayıb. İşim göz qabağındadır. Hazırda son oyunu fikirləşirəm. Müqavilə barədə heç nə deyə bilmərəm”.

Gördüyünüz kimi, qışda və cəmi iki həftə əvvəl “mövsümün sonu gedəcəm” mesajı verən adam indi “rəhbərlik istəsə, qalaram” havasın səsləndirir.

Mövsümün gedişində dəfələrlə şəraitsizlikdən şikayətlənən 50 yaşlı mütəxəssis indi az büdcə ilə yola davam etməyə də hazır olduğunu bildirib:

“AZAL-ın büdcəsi 155 min manata endiriləndə işləmişəm. Futbol aləmində bütün çətinlikləri görmüşəm. Az büdcə ilə komanda formalaşdırmaq olar. Qalsam, ən yaxşı nəticəni qarşıma məqsəd qoyacağam. Şərait olsa, çalışaram ki, komanda mükafatçılar sırasında olsun”.

Deməli, “Gedəcəm” söhbəti, sadəcə boğazdan yuxarı deyilən fikir olub. Qəlbdə isə “əşşi onsuz da məni kimdi buraxan, nəticə var, oyun var” fikri hakim imiş.

Ehtimal ki, rəhbərliyin onu israrla saxlayacağına ümid edən baş məşqçi bu qədər iddialı açıqlama ilə gündəmə gəlməyə çalışıb.

Düşünüb ki, sonda “Rəhbərlik israr etdi, mən də qaldım” açıqlaması isə “gedəcəm” vədini yerinə yetirməməsinə bəraət qazandırar.

Ayılıb görəndə ki, nəinki israr, heç rəhbərlik onu saxlamaqda maraqlı deyil, başlayıb valı tərs fırlatmağa.

Bu, daha çox arxadan atılan daşa bənzəyir.

Atalarımız isə deyib ki, arxadan atılan daş topuğa dəyər. Görəsən, Əhmədovun “daşı” kimə və ya hara dəyəcək? Gözləyək...

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti