Azər Bağırov dörd ay sonra «Kəpəz»ə dönəcəyini biləndə, problemlərdən xəbərdar idi.
Amma ilk gündən bəri bu qədər çətinliyə yaxalanacağını güman etmirdi və etməzdi.
O, Adil Şükürovun qurduğu komandanın başını və ayağını yığmağa zorluq çəkir. Qısa müddətdə başını itirib.
«Neftçi» bu mövsüm bolqollu oyun keçirməyib. Hansısa matçda ikidən artıq qol vura bilməyiblər.
«Kəpəz» bu komandadan 5 qol «yeyirsə», gərək Bağırov danışmazdı. Danışdıqca, o, özünü batırır,
Məşqçi və insani kimliyinə xal salır, personasını xoşagəlməz söz-söhbət tonqalının ortasına atır.
Dini konteksdə misal çəkdiyi «üç hakimdən ikisi cəhənnəmlikdir və onlar yedizdiriləcək» tipli açıqlamalar heç yerinə düşmədi.
Mövzunu qatıb-qarışdıran, bu sahəyə aid olmayan ifadələr işlədən Azər Bağırovun əsəbi sarsıntı keçirdiyini mən istisna etmirəm.
Tez-təsəlik geri qayıtmaq qərarı verməklə özünü necə dolaşığa salıbsa, indi başını itirib və kimə gəldi, necə gəldi, daş atır.
Rəvan Həmzəzadədən danışmaq lazım gəlsə, buna haqqı çatan tərəf «Neftçi»dir. Referi hələ ilk hissədə üç penalti verə bilərdi onların lehinə.
İkisinə göz yumdu, üçüncüsünə cəsarət etmədi. Bir neçə epizodda «Kəpəz»i sarı vərəqə ilə cəzalandıra bilərdi, cəzalandırmadı.
Bağırovun özünü də bağışladı. Verdiyi qərara kəskin etiraz edən baş məşqçini texniki zonadan kənarlaşdırmalı idi, kənarlaşdırmadı.
MUSA

                
                
                
                
                    