“Barselona” rəhbərliyi hücumçusu Lamin Yamalla bağlı xüsusi xahiş irəli sürüb.
Belə ki, Yamal İspaniya La Liqasının 32-ci turunda “Selta” ilə matçda (1:0) zədələnərək sıradan çıxıb.
O, hakimin təyin etdiyi penaltini dəqiq yerinə yetirdikdən sonra ağrılar içində yerə uzanıb. Həkimlərin müayinəsindən sonra məlum olub ki, mövsüm onun üçün artıq başa çatıb. Yamalın yalnız DÇ-2026-nın startına qədər hazır olacağı gözlənilir.
Sportinfoaz “Sport”-a istinadən xəbər verir ki, Kataloniya klubunun rəhbərliyi İspaniya millisinin məşqçilər heyətindən Yamalın mundialın ilk iki qrup oyununda meydana çıxarılmamasını xahiş edib.
Səbəb isə onun tam hazır olmaması və riskin yüksək olmasıdır.
Söhbət Kabo-Verde və Səudiyyə Ərəbistanı yığmaları ilə keçiriləcək oyunlardan gedir. İspaniya millisinin məşqçilər heyəti 18 yaşlı futbolçunun vəziyyətini diqqətlə izləyəcək və son qərar tibb işçilərinin rəyindən sonra veriləcək.
11 iyun-19 iyul tarixlərini əhatə edəcək mundial ABŞ, Kanada və Meksika olmaqla üç ölkədə keçiriləcək. Turnirə 48 komanda qatılacaq.

