“Real”ın müdafiəçisi Dani Karvahal komandadakı mövcud vəziyyətindən narazıdır.
34 yaşlı futbolçu son iki oyunda – La Liqada “Malyorka” (1:2) və UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində “Bayern”lə qarşılaşmalarda (1:2) ehtiyatda qalıb və meydana çıxmayıb.
Sportinfo.az “Marca”-ya istinadən xəbər verir ki, ispaniyalı futbolçu son vaxtlar komanda daxilindəki statusunun azalmasını ağır qəbul edir.
O, hələ də komandaya fayda verə biləcəyini düşünür və son dövrlərdə aldığı oyun dəqiqələrindən razı deyil. Xüsusilə, 2026-cı il dünya çempionatı ərəfəsində bu vəziyyət onu narahat edir.
Karvahal öz mövqeyində digər oyunçulara üstünlük verilməsindən narazıdır və bu səbəbdən, baş məşqçi Alvaro Arbeloa ilə münasibətlərdə gərginlik yaşanıb.
O, “Real”da son mövsümünü keçirə bilər. Onun müqaviləsinin müddəti yayda başa çatacaq və böyük ehtimalla, uzadılmasının gündəmdə olmadığı bildirilir.
Karvahal cari mövsümdə La Liqada 12 oyuna çıxıb.

