“Barselona” “Mançester Yunayted”in hücumçusu Markus Reşfordu heyətində saxlamaqda israrlıdır.
İngiltərəli vinger cari mövsümü Kataloniya təmsilçisində icarə əsasında keçirir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Barselona” Reşfordun transferi üçün “qırmızı şeytanlar”a 22 milyon avro məbləğində rəsmi təklif göndərib.
Təklifə əsasən, 18 milyon avro sabit məbləğ olaraq üç il ərzində ödəniləcək, əlavə 4 milyon avro isə futbolçunun və komandanın nəticələrindən asılı olan bonuslar şəklində nəzərdə tutulub.
Ancaq bildirilir ki, “Mançester Yunayted” bu şərtlərlə razı deyil və icarə müqaviləsində əvvəlcədən göstərilən 30 milyon avroluq satınalma məbləğinin ödənilməsində israr edir.
Tərəflər arasında hələlik razılaşma əldə olunmasa da, yaxın həftələrdə danışıqların davam edəcəyi gözlənilir.
28 yaşlı futbolçu “Barselona” forması ilə bütün turnirlərdə 29 oyuna çıxıb, 8 qol vurub və 11 məhsuldar ötürmə verib.

