“Barselona” heyətini yeni futbolçu ilə gücləndirib.
Sportinfo.az xəbər verir ki, La Liqa təmsilçisi məhz bu klubun akademiyasından çıxmış Hektor Belerini transfer edib.
İspaniyalı sağ cinah müdafiəçisi 2011-ci ilin yayında, 16 yaşı olarkən 500 min avro qarşılığında “Arsenal”a satılmışdı.
27 yaşlı futbolçu 11 il sonra doğma kluba azad agent kimi qayıdıb. Onunla 1 illik müqavilə imzalanıb və futbolçuya 50 milyon avro qiymət qoyulub.
Hektor Belerin 10 ildən çoxdur formasını geyindiyi “Arsenal”da bütövlükdə 239 oyuna çıxıb və 9 qola imza atıb.
O, 2013/14 mövsümündə İngiltərənin “Uotford” klubunda icarədə olub. Müdafiəçi geridə qalan mövsümü də “Betis”də icarədə keçirib. Belerin İspaniya yığmasında da 4 oyun keçirib.
“Barselona” Serjinyo Dest və Abde Ezzalzulini də icarəyə göndərib. Dest İtaliyanın “Milan”, Ezzalzuli isə İspaniyanın digər klubu “Osasuna”ya keçib.
Onların hər ikisi 2023-cü ilin yayına kimi icarədə olacaq. Abde “Osasuna”ya satınalma şərti olmadan icarəyə verilibsə, “Milan” Desti belə bir şərtlə heyətinə qatıb.
Abde Ezzalzuli Kataloniya klubuna 2021-ci ilin avqustunda 2 milyon avro qarşılığında keçib.
O, ötən mövsüm Kataloniya təmsilçisində 12 oyuna çıxıb və 1 qol vurub. 20 yaşlı Mərakeşli vinger ölkəsinin gənclərdən ibarət yığmasında da forma geyinir.
Serjinyo Dest isə 2020-ci ilin oktyabrında Niderland “Ayaks”ından 21 milyon avroya alınıb.
ABŞ yığmasının da üzvü olan müdafiəçi Kataloniya təmsilçisində iki mövsüm ərzində 72 oyuna çıxıb, 3 qola imza atıb.
Daha öncə yalnız “Ayaks”da oynamış 21 yaşlı futbolçu, ABŞ millisində də 17 oyuna 2 qolla yadda qalıb.

