Oğlunun adına park salan şəhid atası niyə açılış edə bilmir? - FOTO

19 Fevral 15:50 İngiltərə 1 050
Oğlunun adına park salan şəhid atası niyə açılış edə bilmir? - FOTO

Övladının adına park salan şəhid atası onun açılışını edə bilmir.

Bu haqda şəhid Baş leytenant Vüsal Kazımovun atası, Astara Pedaqoji Kollecinin direktoru Kamran Kazımov sosial şəbəkə hesabında yazıb.

K.Kazımov qeyd edib ki, şəhidlərin adını yaşada bilmək, əbədiləşdirmək valideynlərə rahatlıq verir: “Mən bir övladımı bu torpaq, bu xalq, bu millət uğrunda qurban vermiş bir atayam. Güvən yerim də, ümid yerim də bu xalqdır, bu dövlətdir. Şəhid ataları məni gözəl anlayar. İtirdiyimizin yerini heç kim və heç nə doldura bilməz. Oğlum iki ali təhsil alan, Uşaq Gənclər İdman məktəbinin direktoru işləyən, vətənpərvər bir gənc olaraq könüllü cəbhəyə yazılıb və şəhid olub. Bu minvalla elə kəndimizdəcə yəni, Lənkəran rayon Yuxarı Nüvədi kəndində oğlum, şəhid Baş leytenant Vüsal Kazımovun adına xatirə parkı salmaq üçün müraciət etdik. Lənkəran rayon icra orqanları ərazini bizə verdilər. Kənd camaatının, Vüsalın dostlarının sayəsində bizə verilən 1200 kvadrat metr ərazidə park saldıq. Parkda kənd uşaqlarının, kənd adamlarının dincəlməsi üçün bacardığımız şəraiti qurduq və beləcə Vüsalın adını daşıyan bulağı inşa etdik.

Parkın açılış mərasimini 29 noyabr 2022-ci il - şəhidimizin ildönümü tarixinə razılaşdırmışdıq. Lakin administrasiyadan daxil olan məktuba əsasən, belə halların Mədəniyyət Nazirliyi tərəfindən qeydiyyata alındıqdan sonra açılması tövsiyə olundu. Belə olan halda Lənkəran şəhər İcra Hakimiyyəti tərəfindən razılıq almaqdan ötrü məktub və müvafiq sənədlər göndərildi və xahiş etdik ki, 17 dekabr - şəhidin doğum günü tarixində açılış mərasiminə razılıq verəsiniz. Lakin açılış mərasiminə icazə verilmədi”.

Kamran Kazımov onu da əlavə edib ki, bu parkın salınmasına hələ iki il əvvəl başlanılıb: “14 iyul 2023-cü ildə Lənkəranda qəbul keçirən mədəniyyət naziri Adil Kərimli ilə şəxsən görüşüb hadisəni təfsilatı ilə izah etdim. Eyni zamanda rəsmi məktubu da nazirə təqdim etdim. Nazir isə bunun heç bir problem olmadığını dedi və qısa zamanda həll olunacağına söz verdi. Əvəzində 3 aydan sonra bir cavab gəldi ki, müəyyən sənəd təqdim edin. Yenə də Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən təşkilatda baxılacaq. Nəhayət, dekabrın 1-də komissiya Lənkəran Şəhər İcra Hakimiyyəti Memarlıq Şöbəsinin əməkdaşının iştirakı ilə iclasda məsələ ilə bağlı qərar verdilər: “Parkda şəhidlərin şəkli olacağı təqdirdə razılıq verilmir, gərək barelyef düzəldilsin”. Bu da o deməkdir ki, mən gərək köhnəlmiş “partokrat”ların ictimai komissiyasına müəyyən məbləğ ödəyim və onlardan barelyef üçün rəy alım. Ta o gündən bu günə qədər mən bütün qurumlara müraciət etmişəm, amma hələ də o əraziyə park statusu verilməyib”.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi: “Azərbaycanın ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canını fəda edərək şəhidlik zirvəsinə ucalan igidlərimizin adları Azərbaycanın tarixinə əbədi həkk edilib. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, müqəddəs ruhları qarşısında baş əyirik. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”yə əsasən parkların yaradılmasına razılığın verilməsi Nazirliyin səlahiyyətləri çərçivəsində nəzərdə tutulmayıb.

Həmçinin bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 19 avqust tarixli 444 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində yerləşən monumental heykəltaraşlıq abidələri, xatirə-memorial və memarlıq komplekslərinin ümumi görkəminin qorunub saxlanılması və ətrafının abadlaşdırılmasına dair Tədbirlər planı”nın 2-ci bəndinə uyğun olaraq, Mədəniyyət Nazirliyi tərəfindən yaradılmış Ekspert Komissiyası yalnız heykəltaraşlıq abidə layihələrinin yüksək sənət meyarlarına, bədii yaradıcılıq, estetik tələblərə və ümumi görkəmə uyğunluğuna dair rəy verir”.

Qeyd edək ki, şəhid Vüsal Kazımov 1990-cı ildə Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində anadan olub. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində Füzuli əməliyyatında, Cəbrayıl uğrunda döyüşlərdə, Xocavənd rayonunun işğaldan azad olunmasında, Şuşanın azad edilməsində iştirak edib və bu zaman şəhid olub. 2020-ci ilin 29 noyabrında Lənkəran rayon Yuxarı Nüvədi kəndində dəfn edilib. Şəhid Vüsal Kazımov ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Ailəli idi, iki övladı var.


Digər Xəbərlər
Xəbər Lenti