Qırmızı şərab və patronu QƏZƏBLƏNDİRƏN MƏQAM

17 Aprel 2020 18:30 İngiltərə 697
Qırmızı şərab və patronu QƏZƏBLƏNDİRƏN MƏQAM

Karlo Ançelottinin avtobioqrafik kitabında bir bölmədə məşhur mütəxəssislər və futbolçuların onun haqda dediyi fikirlərə yer verilib.

Aleks Ferqyusonun Ançelotti haqda dedikləri diqqət çəkir.

Ser Alekslə Ançelottinin yolu ilk dəfə Çempionlar Liqasının 1999-cu ildəki yarımfinalında kəsişib. Ferqyuson Ançelottinin tanımırdı. Ona görə də, çoxdankı dostu Marçello Lippiyə müraciət edib: “Yaxşı, de görüm, sizin yeni oğlan, Ancelotti necədir? Mən onunla bir qədəh şərab içə bilərəm?”

Lippi ona belə cavab verib: "Ooo, əla oğlandır, amma onu şərab içməyə dəvət etsəniz, əmin olun ki, şərab dəyərlidir".

Lakin həmin vaxt onlar şərab içə bilmədilər. Turindəki yarımfinaldan sonra 1968-ci ildən conra ilk dəfə ÇL-in finalına çıxan “Mançester Yunayted”in paltardəyişmə otağında belə bir eyforiya hökm sürürdü ki, çox şey unuduldu və görüş baş tutmadı.

Hər şey 2011-ci ildə dəyişdi. Həmin vaxt MY ilə “Çelsi” ÇL-in 1/4 finalında qarşılaşırdılar. Qarşılaşmadan sonra Ançelotti “Mançester Yunayted”in paltardəyişmə otağına daxil olur. Ser Alkes həmin epizodu belə təsvir edir:

“Biz üzbəüz oturanda hiss etdim ki, nəsə qaydasında deyil. Əvvəl elə bildim ki, Ançelottinin ailəsində problem var. Amma sonra anladım ki, bu durum Abramoviçlə bağlıdır.

Ançelotti qarşılaşmadan sonra “Çelsi”nin paltardəyişmə otağına daxil olanda orda məğlubiyyətə görə cavab gözləyən Abramoviç olub. O, Ançelottiyə aydın şəkildə deyib ki, bu məğlubiyyətin nəticəsi olacaq. Karlo çox məyus idi. Ona dedim ki, bunu unut, o, mövsümün gedişində səndən qurtula bilməyəcək”.

Sonralar Ser Aleks etiraf etdi ki, Ançelottinin narahatlığı əsassız deyilmiş: “Abramoviç artıq qərar vermişdi. Məsələ burasındadır ki, həmin qarşılaşmada Ançelotti Torresi meydandan çıxarıb Didye Droqbanı buraxdı. Droqba da qol vurdu.

Abramoviç Torresin transferi üçün 50 milyon funt ödəmişdi. Xatırlayırsınız? Belə çıxırdı ki, bu qədər vəsait boş yerə sərf olunub. Bu qədər pul ödəyirsən, komanda məğlub olur, Torres də əvəzlənir. Abramoviç Ançelotti ilə bağlı qəti qərar qəbul etmişdi”.

Amma buna baxmayaraq, iki böyük məşqçinin qırmızı şərablı görüşü baş tutur: “Biz sakitcə oturub şərab içdik. Başa düşürdük ki, reallığı qəbul etməliyik, bunun qarşısını ala bilməyəcəyik. Həmin vaxtdan bəri onunla dostam.

O, əsl centlmendir. Amma yüksək intellekti olan centlmen. Ançelotti davranışında olduqca sakit və ciddidir. Bu da ona imkan verir ki, insanları dinləsin. İnsanları dinləməyi bacaranlar isə çox şeyə nail olurlar”.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti