"Erməni komandirləri ilə iranlılar alver edib"

23 Oktyabr 2021 02:00 Hadisə 1 159
"Erməni komandirləri ilə iranlılar alver edib"

“Cəbrayıl, Zəngilan, Füzulidə daşın-daş üstündə qalmamasının səbəbi İranın pulla evləri alıb daşıması olub”.

Sportinfo.az xəbər verir ki, bunu Xudafərin körpüsünün işğaldan azad edilməsini və həmin ərazinin əhəmiyyətini şərh edən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev yenicag.az-a açıqlamasında deyib.

Hərbi ekspert bildirib ki, Xudafərində iranlı mühafizəçilərlə Azərbaycan ordusu arasında silahlı insident yaşanmayıb:

“Bir il öncə bu günlərdə Horadiz, Cəbrayıl, Zəngilan istiqamətində hücumlar davam edirdi. Əsas hədəf təminat yolu olan – Horadiz, Cəbrayıl yolu idi. Bundan əlavə, Arazboyu da bölmələr hərəkət edirdi. Birinci eşalonda hərəkət edən bölmələr Xudafərin körpüsünün ətrafına çatanda görüblər ki, Xudafərin su anbarının ətrafı hündür dəmir setkalarla çəpərlənib. Həmin çəpər həm Azərbaycan, həm də İran tərəfdə var. Bölmələrimiz görüb ki, çəpərin içərisində əli silahlı mühafizəçilər var. Təbii ki, onlar iranlı olub. Orada ermənilərin olması mümkün deyildi. Azərbaycan ordusu iranlılarla təmasa keçib ki, ərazidən keçib davam etsin. Çəpəri keçmək, dağı aşmaq mümkün deyildi. İranlı mühafizəçilərə necə davranacaqları ilə bağlı tapşırıq gəlməmişdi. Silahlı münaqişə yaranmasın deyə bölmələrimiz doğru qərar verərək geriyə qayıdıb, yenidən hərəkət ediblər. Məsələ siyasi yolla həll olmadan başqa cür davranmaq yanlış olardı. Ərazilər təmizlənəndən sonra bu məsələ öz həllini tapdı. Azərbaycanla İran su anbarını bərabər tikibsə, birlikdə də qorumalıdır”.

Elxan Şıxəliyev qeyd edib ki, Xudafərin körpüsü və o ərazi birinci müharibədə insanlarımızın xilas yolu idi:

“Cəbrayıl, Zəngilan, Qubadlı camaatı Horadiz yolu bağlanandan sonra Xudafərin körpüsü və bir neçə başqa yerdən İrana keçiblər, İmişli, Biləsuvar istiqamətindən də ərazilərimizə daxil olublar. O zaman üçün həmin bu ərazilər bölgədə yaşayan əhali üçün nəfəslik kimi olmuşdu. İran tərəfi silahla keçənlərin silahını alırdı, onları daha sonra Azərbaycana təhvil verirdi. Hadisələr baxımından da, tarix baxımından da Xudafərin körpüsü çox əhəmiyyətli bir abidədir. Xudafərin körpüsü yaxınlığında Su Elektirik Stansiyası da qurulub, gələcəkdə istifadəyə veriləcək. Araz çayının çox böyük iqtisadi potensialı var. Ərazilərimiz işğaldan olarkən İranla birgə su anbarının və SES-in tikilməsinə qərar verilməsi riskli idi. Bu, uzaqgörnlik idi. Düşünüldüyü kimi də baş tutdu.

Xudafərindən 10 km aşağıda İrandan Cəbrayıl ərazisinə avtomobil yolu keçirdi. İran quru yolu ilə evlərimizi erməni komandirlərindən pulla alıb, söküb aparıb, özləri tikirdilər. Cəbrayıl, Zəngilan, Füzulidə daşın daş üstündə qalmamasının səbəbi İranın pulla evləri alaraq daşıması olub. Qarabağdakı evlərin 20 faizi bunkerlərə, postların qurulmasına sərf olunubsa, 70 faizini iranlılar söküb aparıb. Yerdə qalan 10 faizini də ermənilər özləri söküb nələrəsə istifadə ediblər. Neçə insan öz darvazasını İranda görüb. Erməni komandirləri ilə iranlılar alver edib, bütün evlərimizi məhv etmişdilər”.

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?