Elxan Məmmədov yeni idman nazirinə nə hesabat verdi? - FOTOLAR

13 Sentyabr 2021 15:00 Hadisə 894
Elxan Məmmədov yeni idman nazirinə nə hesabat verdi? - FOTOLAR

AFFA-nın inzibati binasında Azərbaycan Respublikası gənclər və idman naziri Fərid Qayıbovla AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov arasında görüş keçirilib.

Sportinfo.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə keçirilən görüşdə AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov, Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi, Kütləvi Futbol Departameninin müdiri Fərrux İsmayılov və Gənclər və İdman Nazirliyinin futbol sektorunun aparıcı məsləhətçisi Əliniyaz Mirzəyev iştirak ediblər.

Gənclər və idman nazirini salamlayan Elxan Məmmədov, ilk növbədə, bu vəzifəyə təyinatı münasibətilə F.Qayıbovu AFFA rəhbərliyi və futbol ictimaiyyəti adından təbrik edib, fəaliyyətində uğurlar arzulayıb.

Qurumun icraçı vitse-prezidenti gənclər və idman nazirinin idman qurumları ilə rəsmi görüşlərinə ölkədə ən kütləvi idman növü olan futboldan başlamasından böyük məmnunluq hissi keçirdiyini bildirib.

İşgüzar ab-havada keçən görüşdə AFFA-nın strukturu və fəaliyyəti barədə ətraflı məlumat verilib.

Assosiasiyanın son 4 ili əhatə edən illik hesabat nəşrləri nazirə təqdim olunaraq bildirilib ki, 2010-cu ildən 2020-ci ilə qədər olan bütün illik hesabatlar ictimaiyyətə şəffaf şəkildə təqdim olunub və AFFA-nın saytı vasitəsilə həmin hesabatlarla tanış olmaq mümkündür.

Elxan Məmmədov uşaq və yeniyetmə futbolu ilə bağlı məsələlərə də toxunaraq bildirib ki, U-9-dan U-19-a qədər bütün yaş qrupları üzrə AFFA tərəfindən liqalar təşkil olunur və bu liqalarda Təhsil Nazirliyi ilə Gənclər və İdman Nazirliyinin nəzdində olan uşaq futbol məktəblərinin komandalarının da nəqliyyat xərclərini AFFA ödəyir. Üstəlik, müəyyən oyunlar Olimpiya İdman Komplekslərinin meydanlarında keçirilir ki, bunun da müqabilində icarə haqqı AFFA-nın hesabına təmin olunur və AFFA Gənclər və İdman Nazirliyinin bu istiqamətdə dəstəyindən minnətdar olardı.

Qeyd olunub ki, futbol pandemiya dövründə ölkəmizdə bəzi turnirlərin mütəmadi qaydada keçirildiyi, üstəlik, ümumilikdə, U-9-dan U-19-a qədər bütün yaş qrupları üzrə yarışların mövcud olduğu yeganə komanda idman növüdür.

Son illər ərzində ölkədə bir sıra əhəmiyyətli beynəlxalq turnirlərin və oyunların da təşkil olunduğu barədə məlumat verilib. Nazirin diqqətinə çatdırılıb ki, Azərbaycanda 2012-ci ildə FIFA U-17 qadınlararası dünya çempionatı, 2014-cü ildə futzal üzrə UEFA Kubokunun “Dördlər finalı”, 2016-cı ildə UEFA U-17 Avropa çempionatı, 2019-cu ildə UEFA Avropa Liqasının final oyunu və 2021-ci ildə AVRO-2020-nin final mərhələsinin 4 qarşılaşması Bakıda təşkil olunub.

Nazirə məlumat verilib ki, son 10 ildə çox önəmli infrastruktur layihələri həyata keçirilib. AFFA tərəfindən Assosiasiyanın inzibati binasının ərazisində Futbol Akademiyası, “Bakcell Arena”, “Dalğa Arena”, Bayıl stadionu, Mərdəkanda Milli Komandaların Məşq Mərkəzi, Ağsu şəhər stadionu, Tovuz rayonunda Futbol Akademiyası inşa olunub, hazırda Şamaxı şəhər stadionunun inşası davam edir. Yaxın gələcəkdə Gəncə şəhərində də Futbol Akademiyasının tikilməsi nəzərdə tutulub. Bunlardan əlavə, Zirə İdman Kompleksinin, Sumqayıt Futbol Klubunun stadionunun əsas meydanının təbii ot örtüyü, “Neftçi” PFK-nın “Türkish Airlines” Bazasında təbii örtüklü 3 ədəd məşq meydanı, Bakı Olimpiya Stadionunun ərazisində 2 ədəd təbii örtüklü məşq meydanı AFFA tərəfindən inşa olunub. Bakıda və respublikanın müxtəlif bölgələrində 150-dən çox süni örtüklü meydança tikilərək əhalinin təmənasız istifadəsinə verilib. Bütün bu layihələr ilk növbədə dövlətimizin, FIFA və UEFA-nın və sponsorların maliyyə dəstəyi ilə AFFA tərəfindən həyata keçirilib.

Qeyd olunub ki, uzun illərdir SOCAR AFFA-nın baş sponsorudur və futbolda stabil maliyyənin təmin olunmasında AFFA-ya böyük dəstək göstərir. Həmçinin, AFFA-nın bir neçə başqa sponsoru da var, lakin pandemiya ilə əlaqədar hazırkı tərəfdaşlarla əməkdaşlığın davam etdirilməsi və yeni sponsorların tapılması istiqamətində müəyyən çətinliklər mövcuddur.

Görüşün sonunda vurğulanıb ki, AFFA bundan sonra da futbolun inkişafı, sağlam həyat tərzinin təbliği və təşviqi istiqamətində fəaliyyətini davam etdirəcək.

Gənclər və İdman naziri Fəriq Qayıbov səmimi görüşə və ətraflı məlumata görə minnətdarlığını bildirib.

Digər Xəbərlər
Xəbər Lenti