Ermənistanda yeni köç havası, Bakıdakı gözdağı parkı və...

21 Aprel 2021 11:10 Hadisə 833
Ermənistanda yeni köç havası, Bakıdakı gözdağı parkı və...

Bakıda açılan Hərbi Qənimətlər Parkını yəqin ki, erməni separatçı-faşist ünsürlər hələ uzun müddət unutmayacaqlar.

Onların qaldırdıqları hay-küy isə heç də olmayan milli qürurları ilə bağlı deyil. Məsələ ondadır ki, bununla Azərbaycan xalqının daim ayıq-sayıq olması üçün ciddi və tarixi bir imperativ yaradılıb.

Yeni istirahət kompleksi Vətən müharibəsində ordumuzun tarixi Zəfərini əks  etdirəcək Hərbi Qənimətlər Parkı salınır

Bu xüsusda Hərbi Qənimətlər Parkı həm də gələcək nəsillərimiz üçündür ki, hansı təhlükəli düşməni məğlub elədiyimizi və bunun xalqımıza neçəyə başa gəldiyini heç vaxt unutmasınlar. Unutmasınlar və ermənilərin yalanlarına, şirin dilinə aldanıb ayıq-sayıqlığı əldən verməsinlər.

*****

Əslində bu, məğlub xalqa həm də bir gözdağı parkıdır. O mənada ki, nə vaxtsa ağılsızcasına revanş eşqinə düşsələr, Bakıdakı parkı göz önünə gətirsinlər. Təsadüfi deyil ki, parkda nümayiş etdirilən işğalçı əsgərlərin maketləri, kaskaları qarşı tərəfə məxsusi yer edib. Amma nahaq yerə. Erməni əsgər-zabitlərinin ərazi bütövlüyü beynəlxalq səviyyədə tanınmış Azərbaycanda - yad torpaqlarda nə işi var idi ki, torpaqlarımızda ucuz ölümə tuş gəlirdilər?

Yazılarımızdan birində vurğuladığımız kimi, erməni anaları öz övladlarının hara və nə üçün göndərildiyini yaxşı bilirdilər. Onlar övladlarını torpaqlarımıza “xeyir-dua” verib yola salmışdılar, onları fəxrlə işğalçılıq müharibəsinə, “qədim erməni yurdu artsax”ın müdafiəsinə göndərmişdilər. Övladlarının “məğlubedilməz ordu”nun qalib hərbçiləri kimi geri dönəcəklərinş zənn edirdilər. Ümidləri daşa dəydi.

Beləcə, 6 aydır Ermənistan, ermənilər yas içindədir. Amma artıq yas saxlamaq yox, ibrət götürmək, qonşularla müharibə haqda deyil, sülh haqda düşünmək zamanıdır. Zaman gedir. Ermənistan, onun siyasi elitası və cəmiyyəti isə hələ də qonşularla sülh qərarını qəti olaraq verə bilmir. Halbuki beyni ultra-millətçi virusuna yoluxmuş bu xalqın tək xilası, ayaq üstə qalxaraq dirçəlməsi, təhlükəsiz mövcudiyyəti müstəsna olaraq iki qonşu - Azərbaycan və Türkiyə ilə təcili şəkildə və bütün sferelarda əlaqələri bərpa eləməkdən keçir.

Əks halda, kapitulyasiyadan sonra cəmi 2.5 milyon əhalisi qalan Ermənistan gözlənildiyindən də sürətlə boşalacaq. Artıq yerli sosioloq və iqtisadçılar da etiraf edirlər ki, ölkə növbəti böyük köç astanasındadır. Bu dəqiqə ac-yalavac əhali Ermənistandan kütləvi şəkildə baş götürüb getməyə fürsət axtarır. Pandemiyaya görə sərhədlərin bağlı olması belə onların çıxıb getməsini əngəlləyə bilmir, Rusiyaya uçan aviareyslərdə biletlər kəllə-çarxa çıxıb, birə-iki, birə-üç qiymətə satılır. Çünki tapılmır...

*****

Maraqlıdır ki, bu arada Qarabağda qalan erməni əhalidə də köç əhvalı güclənib. Erməni qaynaqları yazır ki, Xankəndindəki separatçıların “deputatı” Metakse Akopyan ermənilərin Qarabağı tərk etdiyini deyib. O, ermənilərin gələcəyə ümidlərinin qalmadığını söyləyib. “Müharibədən sonra Qarabağdakı ermənilərin sosial məsələləri həll olunmur, əhali tədricən gələcəyə ümidini itirir, əksəriyyət getmək haqqında düşünür. Artıq həkimlər, müəllimlər, mədəniyyət işçiləri, ixtisas sahibi olanlar gedirlər. Belə davam edərsə, Qarabağ boşalacaq”, - o bildirib.

Belə davam etməməsi üçün isə Qarabağda qalan erməni azlıq vaxt itirmədən Azərbaycan Konstitusiyasını tanımalı, ölkəmizin suverenliyi və ərazi bütövlüyünü qəbul edib dövlətimizin təbəəliyi altına keçməli, vaxt itirmədən cəmiyyətimizə inteqrasiya olunmaq haqda düşünməlidir. Başqa yol yoxdur və olmayacaq. Başqa yol emiqrasiyaya aparır. Söhbət həm də Ermənistandakı əhalidən gedir. Odur ki, seçim həmişəki kimi ermənilərindir.

Əfsus ki, bu yöndə Ermənistandan, onun rəhbərliyindən pozitiv siqnallar çox zəif gəlir və ya heç gəlmir. Yaxud ənənəvi - İkinci Qarabağ müharibəsinədək olan davakar ritorikanı eşidirik. Bu da növbəti fakt.

“Türkiyə və Azərbaycanla münasibətlərin normallaşması Ermənistanın maraqlarına uyğun deyil”.

Armen Sərkisyan Azərbaycan üçün yeni mənbədir- "Ermənilər Dağlıq Qarabağa  gəlmə xalqdır, tarix boyu imperiyaların əlində alət olublar" • Faktinfo.az

Armen Sərkisyan

Bu sözləri Ermənistan Prezidenti Armen Sərkisyan ötən həftəsonu Gürcüstana səfəri çərçivəsində deyib. Tiflisdə jurnalistlərin suallarını cavablandıran Sərkisyan açıq-aşkar düşmənçilik münasibətlərinin davam etdirilməsində maraqlı olduqlarını dilə gətirib. O hesab edir ki, Türkiyə qondarma soyqırımı qəbul etməsindən, Azərbaycanın isə saxladığı terrorçuları geri verməsindən sonra münasibətlərin normallaşmasından danışmaq olar.

Səfərlə bağlı bunu da yada salaq ki, Ermənistan prezidenti Gürcüstan prezidentinin iqamətgahında qonaqlar üçün nəzərdə tutulan xatirə kitabında öz ürək sözlərinin altında Türkiyədəki Ağrı dağını simvolizə edən rəsm çəkib. Bununla da bir daha Ermənistanın qardaş ölkəyə qarşı rəsmən ərazi iddiası olduğunu təsdiqləyib.

İndi belə sırtıq rəhbərləri olan bir xalqla necə normal qonşuluq münasibətləri qurmaq olar?

*****

Bununla belə, müharibədən sonra Ermənistanın Azərbaycan və Türkiyə ilə normal qonşuluq əlaqələri qurmasına ən böyük əngəl Qərb dövlətlərindəki, özəlliklə ABŞ və Fransadakı erməni lobbisi və onların pulla ələ aldıqları parlamentarlar sayılmalıdır. Belələrindən biri də ABŞ Konqresinin aşağı palatasının - Nümayəndələr Palatasının Respublikaçılar Partiyasından olan üzvü erməni kökənli Jackie Speierdir. Bugünlərdə o, növbəti təxribatçı bəyanatla çıxış edib.

Xəbər verilir ki, Speier Birləşmiş Ştatların Müdafiə Nazirliyini (Pentaqon) Azərbaycan və Ermənistanın təhlükəsizliyi üçün ayrılmış yardımlarda pariteti saxlamağa çağırıb. Pentaqonun bu iki ölkə ilə bağlı yeritdiyi siyasətə etiraz edən xanım Speier Twitter hesabında yazıb: “Azərbaycan 200 erməni əsiri girov saxlayır, onlara dəhşətli işgəncələr verirlər. ABŞ bütün erməni əsirlərin azad edilıməsini tələb etməlidir. Şokedici şəkildə ABŞ Azərbaycana 100 milyon dollar yardım göndərir, Ermənistana isə 0 dollar verir. ABŞ Ermənistana və Azərbaycana yardım məsələsində pariteti saxlamalıdır!”

Rep. Jackie Speier: The Capitol Riot 'Took Me Back In Time' To Surviving  Jonestown Massacre

Jackie Speier

Erməni lobbisinin çörəyini yeyən bu üzdəniraq xanım siyasətçi deyib: “Bu gün ABŞ Müdafiə Nazirliyinə bu iki ölkəyə yanaşmadakı bərabərsizliklə bağlı etiraz etdim. Cavab qaneedici deyildi. Zorakılıq və qeyri-sabitlik ABŞ-ın maraqlarına cavab vermir. Azərbaycanı hərtərəfli hücumuna görə mükafatlandıra və erməni xalqına qarşı daha çox təzyiqə imkan verə bilmərik”.

Bu da diqqətçəkicidir ki, Ermənistan mətbuatının yaydığı fotoda o, Ermənistan bayrağı ilə qondarma “DQR”in yanaşı qoyulmuş “bayrağı” qarşısında dayanıb. Amerika Erməniləri Milli Komitəsi isə sadəcə, ABŞ-dan ermənilər üçün dəstək almağa çalışmır, həm də rəsmi Vaşinqtonun Türkiyə və Azərbaycana iqtisadi sanksiyalar tətbiq etməsini təşviq edir. Bununla bağlı ermənipərəst konqresmenlər prezident Co Baydenə artıq bir neçə dəfə müraciət ünvanlayıblar.

*****

Göründüyü kimi, “genosid”, “işğal”, “artsax” deyib duran erməni diasporu, ermənipərəst və erməni kökənli konqresmenlər əllərindən gələni edir ki, Ermənistanın Azərbaycan və Türkiyə ilə barışığı heç vaxt baş tutmasın. Onlar öz təxribatçı əməlləri, misilsiz riyakarlıqları, həyasızlıqları və yalançı təbliğatları ilə daima Türkə nifrət körükləyirlər. Bütün bunlar o anlama gəlir ki, bölgədə sərhədlərin və kommunikasiyaların açılması asan olmayacaq. Bunun üzərinə Ermənistandakı siyasi qüvvələrin əksəriyyətinin erməni lobbisi ilə sinxron mövqe nümayiş etdirdiyini də gəlsək, mənzərə bir az da aydınlaşar.

Ancaq Ermənistanın daxilindəki və xaricindəki bu faşist, irqçi və revanşist qüvvələrdən soruşmaq istəyirsən: iki əsas qonşu dövlətlə - Azərbaycan və Türkiyə ilə sərhədlər bağlı qaldıqca, blokada götürülmədikcə əhalisi acından ölən, yoxsul Ermənistanın hazırkı dərin iqtisadi böhran bataqlığından çıxıb inkişafa üz tutmasını, ölkədən növbəti böyük köçün önlənməsini necə təsəvvür edirlər?

Əlbəttə ki, erməni lobbisinin yeri çox rahatdır. Heç bir sıxıntı çəkmir, maddi çətinlik görmür. Azərbaycan atalar məsəlində deyildiyi kimi, “Toxun acdan xəbəri olmaz”. Ancaq bu, enində-sonunda bizim - Azərbaycanın yox, erməni toplumunun, xüsusən də Ermənistandakı toplumun və onun önündə getməyə iddialı olanların problemidir. Yekun qərarı da onlar verməlidir...

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?