"Qarabağ" Misli Premyer Liqasının XXVIII turunda "Sabah"ı məğlub edə bilsə, çempionatda intriqa artacaq.
Sportinfo.az xəbər verir ki, bu barədə "report"a Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev açıqlama verib.
59 yaşlı mütəxəssis qarşılaşmanın prinsipial keçəcəyini vurğulayıb:
"Komandalar arasındakı xal fərqi bir az çoxdur. Lakin "Qarabağ" bunu azaltmaqla yarışa intriqa qata bilər.
Ehtiyatda daha bir matçları da var. Həmin görüşdə və "Sabah" üzərində qələbə qazansalar, xal fərqi 4-ə düşəcək. Əllərinə belə şans düşüb".
Ş.Diniyev matçın maraqlı keçəcəyini sözlərinə əlavə edib:
"Son vaxtlar bu rəqiblərin bir-biri ilə matçları gərgin alınır. Meydanda başabaş mübarizəyə şahidlik edirik.
Hər iki komandanın növbəti qarşılaşmada qalib gəlmək şansı çoxdur. Bərabər səviyyəli komandalardır.
"Qarabağ" və "Sabah" bir-birinə layiqli rəqibdirlər. Bol qollu oyun olacağını gözləyirəm. Hər iki kollektiv hücum futbolu sərgilənməyi xoşlayır.
Müdafiədə etibarlı oynayan, az səhv edən tərəf qələbə qazanacaq. Hər iki komandaya uğurlar arzulayıram. Güclü qalib gəlsin".
"Qarabağ" - "Sabah" oyunu bu gün saat 19:30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

