Ermənistan yeni konstitusiya qəbul etməyə hazırlaşır.
Ölkənin ədliyyə naziri Srbuhi Qalyan bildirib ki, Ermənistanın yeni konstitusiyasının mətni yaxın 6 ay ərzində hazır olacaq.
Nazirin sözlərinə görə, işlərin yekunlaşdırılması mart ayına planlaşdırılıb və müəyyən edilmiş müddətlər dəyişdirilməyəcək.
Ermənistan referenduma gedəcək? Bu, həm də konstitusiyada Azərbaycana qarşı ərazi iddiasının çıxarılacağı ehtimalını artırırmı?
Milli Məclisin deputatı Hikmət Babaoğlu musavat.com-a bildirib ki, hər bir ölkədə olduğu kimi, Ermənistanda da konstitusiyanın mətninin dəyişdirilməsi referendum vasitəsilə həyata keçirilir:
“Ermənistan konstitusiyasının mətninin dəyişdirilməsi üzərində aparılan iş mart ayında başa çatacaqsa, mətni bu və ya digər formada ictimai müzakirələrə də çıxaracaqlar. Çünki hər hansı bir mətn əvvəlcədən ictimaiyyətə təqdim edilməlidir ki, referendum kimi vacib prosedur həyata keçirilə bilsin. Yəni referendumda iştirak edəcək səsvermə hüququ olan vətəndaşlar nəyə səs verdiklərini bilməlidirlər.
Ona görə də mənə belə gəlir ki, mart ayından sonra ən azı üç ay müddətində bu məsələ Ermənistanda gündəmdə olmalıdır. Müvafiq hüquqi prosedurlar bunu tələb edir. Biz isə hansı formada ərazi iddiasının konstitusiyadan çıxarıldığını və yaxud hansı formada dəyişdirildiyi məsələsini yəqin ki, o mərhələdə öyrənə biləcəyik. Nazir yeni mətnin dərc olunacağını deyib.
Bütün hallarda isə konstitusiyanın mətnində edilən dəyişikliklərin hüquqi status qazanması, konstitusion hadisəyə çevrilməsi üçün əlbəttə ki, referendumun keçirilməsi vacibdir”.

