Əmək Məcəlləsinə dəyişiklik olunacaq. Məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, minimum əməkhaqqının məbləğinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təklifləri əsasında ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq.
Qeyd olunub ki, işçilərin minimum yaşayış səviyyəsini təmin edən və bu gün bütün dünyada sosial siyasət alətlərindən biri olan minimum əmək haqqının tənzimlənməsi bir çox beynəlxalq qurumların, xüsusən də Beynəlxalq Əmək Təşkilatının həll etdiyi və diqqətdə saxladığı məsələlərdəndir.
Milli Məclisin deputatı Vüqar Bayramov demokrat.az-a açıqlamasında bildirib ki, əmək məsələləri ilə bağlı edilən dəyişikliklər əsasən minimum əməkhaqqının azı ildə bir dəfə artırılmasını nəzərdə tutur:
“Artıq bu dəyişikliklərlə bağlı qanun layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsində müzakirə olunub və plenar iclasa tövsiyə edilib. Təbii ki, bu dəyişikliklər praktik olaraq minimum əməkhaqqının artırılması dövriliyinin qanunla müəyyənləşdirilməsinə və artımların daha mütəmadi xarakter almasına imkan verəcək. Bu kontekstdə dəyişikliklər qəbul edildikdən sonra məhz həmin müddəalara uyğun olaraq minimum əmək haqqının artırılması ilə bağlı yeni təcrübənin formalaşacağı və tətbiq olunacağı gözlənilir. Konkret artım məbləğinin nə qədər olacağı isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, eləcə də Maliyyə Nazirliyi tərəfindən aparılacaq qiymətləndirmələrdən sonra bəlli olacaq”.
O qeyd edib ki, burada əsas meyarlar yaşayış minimumu və minimum istehlak səbətidir:
“Minimum əmək haqqının növbəti dövrdə artırılması da məhz bu göstəricilərə uyğun şəkildə həyata keçiriləcək. Çünki artıq minimum əməkhaqqının artırılması zamanı hansı meyarlardan istifadə olunacağı qanunvericilikdə öz əksini tapıb. Buna görə də yeni dəyişikliklər artım dövriliyini təsdiqləyir və gələcəkdə minimum əmək haqqında daha mütəmadi artımların müşahidə olunacağı gözlənilir”.
Yəni, əgər bu günə qədər maaş artımları müəyyən sərəncamlar gözlənilərək həyata keçirilirdisə, yeni dəyişiklikdən sonra sıravi vətəndaş əmin olacaq ki, hər il ən azı bir dəfə onun maaşının artırılması məsələsi dövlət səviyyəsində rəsmən müzakirə olunacaq və inflyasiya göstəricilərinə uyğun tənzimlənəcək. Bu, gələcək maliyyə planlaması üçün vətəndaşa daha böyük əminlik verir.

