Belə oyunu kim əldən buraxar? – İntriqa, qisas anı, ayyarımlıq həsrət

14:40 Gündəm 190
Belə oyunu kim əldən buraxar? – İntriqa, qisas anı, ayyarımlıq həsrət

Turun mərkəzi qarşılaşması səbrsizliklə gözlənilir.

Bazar günü “Turan Tovuz” öz meydanında “Sabah”ı qəbul edəcək.

Söhbət çempionluğa iddia edən komandaların duelindən gedirsə, bəzi məqamlara diqqət yetirməyin vaxtıdır.

Unudulmayan intriqa

Uzağa getməyib ötən mövsümü yada salmaq kifayətdir. Xatırlayırsınızsa, “tələbələr” ölkə kubokunun 1/8 final mərhələsində “Turan Tovuz” səddini adlayaraq finala qədər irəliləməyi bacarmışdı.

Bir oyundan ibarət duel Tovuzda baş tutmuş, əsas və əlavə vaxt 2:2 hesabı ilə başa çatmış, penalti zərbələrində dəqiqlik nümayiş etdirən qonaqlar sevinən tərəf olmuşdu. Həmin oyundan sonra Rusiya mətbuatı Vasili Berezutskinin təcrübəli Kurban Berdıyev üzərindəki qələbəni xüsusi şəkildə qabartmışdı.

Bu ilin fevralın 9-na təsadüf edən çempionat qarşılaşmasını da unutmaq olmaz. Bölgə təmsilçisi hesabı açmış, masazırlılar status-kvonu bərpa etmiş, baş hakim İnqilab Məmmədov qeydə almadığı qayda pozuntusunun davamında “Sabah” qələbə topunu vurmuşdu.

Məhz bu oyun Tovuz camiəsinin ciddi narazılığı ilə nəticələndiyindən, klubun sosial şəbəkə səhifələrində etiraz paylaşımı yer almışdı.

Və cari mövsümün ilk dövrəsində “Bank Respublika Arena”da keçirilən oyun. Qərblilər kifayət qədər qol vəziyyəti yaradıb hətta hesabı açmağa müvəffəq olsa da, qol qeydə alınmamış, yekunda “Sabah” 2:0 hesablı qələbəyə sevinmişdi.

Ayyarımlıq həsrət başa çatacaq?

Komandaların hazırkı durumuna nəzər yetirməli olsaq, hər ikisi digər rəqibləri ilə müqayisədə 1 oyun az – 13 matçda meydana çıxıb.

“Sabah” 28 xalla lider “Qarabağ”dan cəmi 2 xal geridə qalırsa, bölgə təmsilçisi 24 xalla 5-ci yerdədir.

Bu, o deməkdir ki, “Turan Tovuz” mümkün qələbə sayəsində “Sabah”a yaxınlaşmaq, “Zirə”ylə “Sumqayıt”ın xal itirəcəyi halda bu rəqiblərini geridə qoymaq imkanı yaxalayacaq.

“Sabah”ın üzü güləcəyi halda isə “Turan Tovuz”un qış fasiləsinə pozitiv əhval-ruhiyyədə yollanması baş tutmayacaq.

Yeri gəlmişkən, qələbələri sıralayan “Sabah”dan fərqli olaraq tovuzlular Premyer Liqada sonuncu qalibiyyətini noyabrın 2-də “Şamaxı” üzərində əldə edib – 2:1. Həmin gündən bu yana, təxminən son ayyarımda avrokuboklara vəsiqə uğrunda əsas rəqibləri ilə keçirdiyi 3 qarşılaşmanın hamısı heç-heçə başa çatıb (“Zirə”, “Araz-Naxçıvan”, “Neftçi”).

Berdıyev üçün qisas anı

Bu oyun həm də iki əcnəbi çalışdırıcının dueli kimi yadda qalacaq. Nəzəriyyə bilicisi kimi tanınan Valdas Dambrauskas Rusiya futbolunda qazandığı uğurlarla ad çıxarmış Kurban Berdıyevlə üz-üzə gələcək.

Keçmiş postsovet ölkələrinin məşqçilərinin fərqli futbol anlayışlarında olması oyuna əlavə rəng qatacaq. Berdıyev nəticəyə hesablanmış praqmatik futbolun aşiqidirsə, Dambrauskas topla oyuna hesablanmış çoxgedişli kombinasiyaları və kreativliyin tərəfdarıdır.

“Baba” ləqəbli mütəxəssis cari mövsümdə üç əcnəbi həmkarı ilə dueldən qalib ayrılıb. “İmişli” ilə matçda Jorj Kaşkilya, “Qəbələ” ilə görüşdə Kaxaber Tsaxadadze, “Sumqayıt”la dueldə Saşa İliç məğlubiyyətə üzülüblər. Berdıyev legioner məşqçilərlə qarşılaşmalarda yalnız Dambrauskasa uduzub.

Demək ki, bu dəfəki qarşılaşma həm də 73 yaşlı mütəxəssis üçün qisas anıdır.

Dekabrın 13-də Tovuz şəhər stadionunda keçiriləcək “Turan Tovuz” – “Sabah” dueli saat 16:30-da start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti