Azərbaycanda bu tipli məlumatları yaymaq qadağan olunur!

07:40 Gündəm 133
Azərbaycanda bu tipli məlumatları yaymaq qadağan olunur!

İnternet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyaların əhatə dairəsi genişləndirilir.

Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə iclasında müzakirə olunan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi həmin informasiya ehtiyatında (informasiya-telekommunikasiya şəbəkəsində) aşağıdakı yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməməlidir:

- kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud bədəninin hissələrinin insan əxlaq normalarına ve milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə dair məlumatlar.

Dəyişikliyə görə, internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə 500 manatdan 1000 manatadək məbləğdə cərimə ediləcək, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, 30 günədək müddətə inzibati həbs tətbiq olunacaq. Həmin xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə 1000 manatdan 2000 manatadək məbləğdə cərimə ediləcək, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, 1 aydan 2 ayadək müddətə inzibati həbs tətbiq olunacaq.

Həmin maddələrdə göstərilən əməllər Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq ediləcək.

Qeyd edilib ki, son zamanlarda kütləvi nümayiş etdirilməklə sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışların edilməsi ölkəmizdə geniş müşahidə olunur. Bu proses cəmiyyətə təsir edərək milli-mənəvi dəyərlərimizin deqradasiyasını sürətləndirir, xüsusilə yeniyetmə və gənclərə mənfi təsir göstərərək onların davranış modellərində dəyişiklik yaradır. Eyni zamanda, sosial şəbəkələrin istifadəçilərinin diqqətini daha çox cəlb edən paylaşımları önə çıxarmağa əsaslanan iş prinsipi bu cür qeyri-etik paylaşımları sürətlə daha geniş auditoriyaya çatdırır. Nəticədə, yaranan informasiya axını ictimai mənəviyyatımıza ciddi zərər vurur. Mövcud qanunvericilik yalnız müəyyən kateqoriya qadağan olunmuş məlumatlara görə məsuliyyət nəzərdə tutur. Mənəvi dəyərlərin qorunmasını təmin etmək, yeniyetmə və gənclərin zərərli informasiyadan müdafiəsini gücləndirmək, internet mühitində məsuliyyət mexanizmlərini dəqiqləşdirmək və mövcud tənzimləməni təkmilləşdirmək üçün yeni qanun layihəsinin hazırlanması zərurəti yaranıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Noyabr 08:50 Bu liqada TƏYİNATLAR