Ermənistan indi sərhəddə “qalalar” tikir: Azərbaycan üçün təhlükə varmı?

07:40 Gündəm 112
Ermənistan indi sərhəddə “qalalar” tikir: Azərbaycan üçün təhlükə varmı?

Ermənistan hakimiyyəti Azərbaycanla sərhəddə beton bunkerlər və Müdafiə Komitəsinin sədri Andranik Köçəryanın ifadəsi ilə desək, “sərhəd qalaları” tikməyə başlayıb.

Bildirilir ki, bu istehkamların inşasında əsasən xarici işçilər – hindistanlılar, misirlilər və iranlılar iştirak edir.

Məsələ sosial-siyasi müstəvidə müəyyən suallar doğurub: bu vəziyyət Azərbaycan üçün hər hansı təhlükə yarada bilərmi?

Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Taleh Əliyev bildirib ki, tikinti prosesinə xarici işçilərin cəlb olunması Azərbaycan-Ermənistan münasibətlərinə təsir edəcək səviyyədə ciddi faktor deyil.

Onun sözlərinə görə, adı çəkilən ölkələr ucuz işçi qüvvəsi ilə tanınır və onların müdafiə istehkamlarının inşasına cəlb olunması strateji anlam daşımır:

“Burada əsas məsələ tikintinin kim tərəfindən aparılması yox, həmin istehkamların qurulmasıdır. Bir neçə gün əvvəl Ermənistan ərazisindən Kəlbəcər–Gədəbəy istiqamətində uzun fasilədən sonra növbəti təxribat törədildi. Ola bilər ki, Ermənistan hakimiyyəti ordusunda hələ də “beşinci kolon” nümayəndələrinin olduğunu bilir. Təxribatların qarşısını almaq və daxili narazılıqları azaltmaq üçün bu tip tikintilərə üstünlük verilir”.

Politoloq hesab edir ki, Ermənistan cəmiyyətində, xüsusilə də müxalifət düşərgəsində hökumətə qarşı “müdafiə zəifdir” ittihamları artdığı üçün, Paşinyan hakimiyyəti bu tikintilər vasitəsilə görüntü formalaşdırmağa çalışır.

Taleh Əliyevin sözlərinə görə, tikilən yeni istehkamlar hərbi baxımdan ciddi üstünlük verməyəcək:

“Azərbaycan Ordusu vaxtilə ən güclü dövrlərində ermənilərin Qarabağda yaratdığı “Ohanyan səddi”ni çox qısa müddətdə yarıb keçmişdi. Yeni tikilən “qala”ların da praktiki nəticə verəcəyi inandırıcı deyil, əgər Azərbaycan müharibə etmək istəsə… Amma hazırda hər iki tərəf sülhə fokuslanıb və proses davam edir”.

Politoloq hesab edir ki, sülh danışıqları başa çatdıqdan sonra bu tikililərin də təyinatı dəyişər və onlar müdafiə yox, digər məqsədlər üçün istifadə oluna bilər.

Nəticə olaraq, ekspertin qiymətləndirməsinə görə, sərhəddə aparılan tikinti işlərinin xarici işçilərə həvalə olunması Azərbaycana qarşı xüsusi risk yaratmır və proses daha çox Ermənistanın daxili siyasi balansı ilə bağlı görünür.

Digər Xəbərlər
Xəbər Lenti
22 Noyabr 22:40 “Difai”dən SÜRPRİZ!
22 Noyabr 18:10 Çək və bizə göndər!
22 Noyabr 08:20 Azərbaycan 10-cu oldu