“Neftçi” İdman Klubunun rəhbərliyində kadr dəyişikliyi olub.
İdarəetmə aparatının rəhbəri Sadıq Sadıqov öz istəyi ilə vəzifəsindən azad edilərək klubun İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyinat alıb.
Buna qədər İdarə Heyəti sədrinin müşaviri vəzifəsini tutan Fərəc Əliyev isə klubun İdarə Heyəti sədrinin müavini və klubun icraçı direktoru əvəzi təyin edilib.
Xəbərdən duyuq düşən kimi Sadıq Sadıqovla əlaqə saxladıq.
Ölkə idmanındakı xidmətlərinə görə Cənab Prezident İlham Əliyev tərəfindən “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına, “Tərəqqi” medalına layiq görülən idman xadimi Sportinfo.az-a açıqlamasında qısa danışdı:
“Bəli, “Neftçi” İdman Klubunda vəzifə dəyişikliyi oldu. Öz xahişimlə vəzifəmdən ayrıldım. Bundan sonra İdarə Heyəti sədrinin müavini vəzifəsini daşıyacam.
Bundan sonra yenə birlikdə çalışacaq, bir-birimizə dəstək olacaq, idmançıların yetişməsi yönündə təcrübəmizi bölüşəcəyik”.
Maraq üçün bildirək ki, İdarəetmə aparatının rəhbəri postunun ləğvindən sonra icraçı direktor vəzifəsi təsis edilib ki, bura Fərəc Əliyev təyin olunub.
Bu, vaxtilə “İnter” və “Səbail” futbol klublarında mühüm vəzifələr daşımış, həmin Fərəc Əliyevdir.
HƏBİB / SPORTİNFO.AZ

